8
İsa dörd min nəfəri doydurur
(Mat. 15:32-39)
1 O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına çağırıb dedi: 2 «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. 3 Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib». 4 Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı doydursun?» 5 İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi». 6 Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı. 7 Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi. 8 Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. 9 Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı. 10 O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi.
Fariseylərin və Hirodun mayası
(Mat. 12:38-39; 16:1-12)
11 * Luka 11:16Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin. 12 * Luka 11:29O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək». 13 Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü.
14 Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi. 15 * Luka 12:1İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin». 16 Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir». 17 İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır? 18 * Yeş. 6:9-10; Yer. 5:21; Yez. 12:2; Mark 4:12Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb? 19 Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki». 20 «Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi». 21 İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»
Bet-Saydada olan korun şəfa tapması
22 Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar. 23 İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?» 24 Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər». 25 Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı. 26 İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə».* Girmə – bəzi əlyazmalarda girmə və orada heç kimə bir söz demə.
Peterin Məsihi tanıması
(Mat. 16:13-20; Luka 9:18-21)
27 İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?» 28 * Mark 6:14-15; Luka 9:7-8Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən». 29 * Yəh. 6:68-69İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən». 30 İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar.
İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir
(Mat. 16:21-28; Luka 9:22-27)
31 İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir». 32 İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı. 33 Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
34 * Mat. 10:38; Luka 14:27İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. 35 * Mat. 10:39; Luka 17:33; Yəh. 12:25Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək. 36 İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var? 37 İnsan öz canının əvəzinə nə verə bilər? 38 Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».
*8:18 Yeş. 6:9-10; Yer. 5:21; Yez. 12:2; Mark 4:12
*8:26 Girmə – bəzi əlyazmalarda girmə və orada heç kimə bir söz demə.
*8:28 Mark 6:14-15; Luka 9:7-8
*8:35 Mat. 10:39; Luka 17:33; Yəh. 12:25