11
Peterin izahı
Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdilər ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər. Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək dedilər: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən».
Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi: «Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır. Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var. Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!” Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”. Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”. 10 Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi. 11 Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı. 12 Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik. 13 Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 14 Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”. 15 Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi. 16  * Həv. 1:5Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”. 17 Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?» 18 Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın».
Antakya cəmiyyətindəkilər
19  * Həv. 8:1-4Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər. 20 Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar. 21 Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. 22 Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər. 23 O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar. 24 Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi. 25 Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. 26 Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.
27 Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi. 28  * Həv. 21:10Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu. 29 Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin. 30 Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər.

*11:16 Həv. 1:5

*11:19 Həv. 8:1-4

*11:28 Həv. 21:10