12
Peterin zindandan qaçması
O vaxtlar padşah Hirod cəmiyyətin bəzi üzvlərinə zülm etməyə əl atdı. Yəhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi. Bundan Yəhudilərin razı qaldığını görüb üstəlik Peteri də tutdurdu. Bunu Mayasız Çörək bayramı vaxtında etdi. * Çıx. 12:1-27O, Peteri yaxalatdırıb zindana saldırdı; onu hər birində dörd nəfər olmaqla dörd əsgəri dəstəyə nəzarət altında saxlanmaq üçün təslim etdi. Niyyətində tutmuşdu ki, Pasxa bayramından sonra xalq qarşısında onun məhkəməsini keçirsin. Peter buna görə zindanda saxlanılırdı. Lakin imanlılar cəmiyyəti ciddi-cəhdlə onun üçün Allaha dua edirdi.
Peter Hirodun ona məhkəmə quracağı günün əvvəlki gecəsi iki əsgər arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb zindanın təhlükəsizliyini qoruyurdu. Qəflətən Rəbbin bir mələyi göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü. Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. Mələk yenə dedi: «Üst paltarını geyin, ardımca gəl». Peter onun ardınca düşərək bayıra çıxdı. Amma mələyin etdiyinin həqiqi olduğunu başa düşmürdü, elə bilirdi ki, bir görüntü görür. 10 Birinci, ikinci qarovulçunun yanından keçərək şəhərə açılan dəmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdilər. Birdən mələk Peterdən ayrıldı. 11 O andaca özünə gələn Peter dedi: «İndi əminliklə başa düşdüm ki, Rəbb Öz mələyini göndərib məni Hirodun əlindən və Yəhudi xalqının gözlədiyi bütün bəlalardan qurtardı».
12 Peter bunları dərk edəndə Mark adlanan Yəhyanın anası Məryəmin evinə getdi. Orada xeyli adam yığılıb dua edirdi. 13 Peter həyət qapısını döyməyə başladı və Roda adlı bir qarabaş eşidib qapıya getdi. 14 Qız Peteri səsindən tanıdı və sevincindən qapını belə, açmadan yenə evə qaçdı. Oradakılara xəbər verdi ki, Peter qapıda dayanıb. 15 Onlar isə belə dedilər: «Dəli olmusan?» Amma qız dediyinin üstündə durdu. Belə olanda dedilər: «Yəqin onu qoruyan mələkdir». 16 Peter isə dayanmadan qapını döyürdü. Qapını açıb onu görəndə mat qaldılar. 17 Peter əli ilə susmaq işarəsi verərək Rəbbin onu necə zindandan çıxardığını nəql etdi. Sonra «bu xəbəri Yaquba və o biri qardaşlara da çatdırın» deyərək onlardan ayrılıb başqa yerə getdi.
18 Səhər açılanda əsgərləri böyük bir vahimə bürüdü. Bir-birlərindən soruşdular: «Bəs Peter necə oldu?» 19 Hirod onu axtartdı. Tapa bilməyəndə isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr verdi.
Padşah Hirodun ölümü
Bundan sonra Hirod Yəhudeyadan Qeysəriyyəyə yollandı və orada qaldı. 20 Hirod Sur və Sidon əhalisinə qarşı hiddətindən alışıb-yanırdı. Onlar birlikdə onun yanına gəlib sarayın məişət işləri üzrə müdiri Blastı öz tərəflərinə çəkərək sülh istədiklərini bildirdilər. Çünki onların ölkəsi padşahın ölkəsindən gələn ərzaqdan asılı idi. 21 Təyin olunan gündə şahlıq libasını geyən Hirod hökm kürsüsünə oturaraq Sur və Sidonlulara müraciət etdi. 22 Camaat qışqırmağa başladı: «Bu bir insanın səsi deyil, bir allahın səsidir!» 23 O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı.
Barnaba ilə Şaula vəzifə tapşırılır
24 Allahın kəlamı isə yayılırdı və təsiri artırdı. 25 Barnaba və Şaul Yerusəlimdəki xidmətlərini yerinə yetirəndən sonra Mark adlanan Yəhyanı özləri ilə götürüb geri qayıtdılar.* Yerusəlimdəki öz xidmətlərini … geri qayıtdı – bəzi əlyazmalarda öz xidmətlərini … Yerusəlimdən qayıtdı.

*12:4 Çıx. 12:1-27

*12:25 Yerusəlimdəki öz xidmətlərini … geri qayıtdı – bəzi əlyazmalarda öz xidmətlərini … Yerusəlimdən qayıtdı.