22
Elifaz
Temanlı Elifaz belə cavab verdi:
* Əyy. 35:6-8 «İnsan Allaha fayda verə bilərmi?
Müdrik adam Ona fayda verərmi?
Sənin salehliyindən Külli-İxtiyar nə ləzzət alır?
Sənin düz həyat tərzinin Ona nə faydası var?
Səni tənbeh etməsi, mübarizə aparması
Ondan qorxduğun üçündürmü?
Pisliyin böyük deyilmi,
Təqsirin hədsiz deyilmi?
Çünki qardaşlarından səbəbsiz girov aldın,
Onları lüt qoydun.
Yorğuna bir içim su vermədin,
Ac olandan çörəyini əsirgədin.
Qol gücünlə ölkəyə sahib oldun,
Hörmətli insan kimi orada yaşadın.
Dul qadınları əliboş qaytardın,
Yetimlərin qol-qanadını qırdın.
10 Ona görə hər yanını tələlər bürüyüb,
Qəfil qorxu səni dəhşətləndirib.
11 Hər şeyə qara vurub görmürsən,
Sellərdə boğulursan.
 
12 Allah göylərdə – ucalarda deyilmi?
Ən uzaq ulduzlara bir nəzər sal,
Gör nə qədər ucalarda yerləşib!
13 Amma deyirsən “Allah nə bilir?
Qatı qaranlıq içindən hökm verə bilərmi?
14 Görə bilmir, qara buludlar Ona mane olur,
Göy qübbəsinin üzərində dolaşır”.
15 Pis adamların gəzdiyi
Köhnə yolumu tutacaqsan?
16 Onlar vaxtı çatmamış çəkilib getdilər,
Təməllərini sellər basdı.
17 Allaha dedilər: “Bizdən uzaq ol!
Bizə Külli-İxtiyar nə edə bilər?”
18 Amma evlərini bərəkətlə dolduran Allah idi,
Ona görə pislərin nəsihəti qoy məndən uzaq olsun.
19 Salehlər pislərin həlak olduğunu görüb sevinir,
Günahsızlar onlara belə istehza edir:
20 “Düşmənlərimiz yox oldu,
Onlardan nə qaldısa, yanıb kül oldu”.
 
21 Allahla barışıb dost olsan,
Xeyir taparsan.
22 Onun ağzından çıxan təlimi qəbul et,
Onun sözlərini qəlbində saxla.
23 Külli-İxtiyara tərəf dönsən,
Əvvəlki halına düşərsən.
Çadırın şərdən uzaq olsa,
24 Qızılını torpağa,
Ofir qızılını dərədəki çınqıllığa atsan,
25 Külli-İxtiyar sənin qızılın olar,
Qiymətli gümüşün olar.
26 Onda Külli-İxtiyardan zövq alarsan,
Allaha üz tutarsan.
27 Ona yalvarsan, səni eşidər,
Etdiyin nəzirləri yerinə yetirərsən.
28 O da dediyin sözü yerinə yetirər,
Yollarına nur səpilər.
29 İnsanlar səni alçaldanda
“Baş ucalığına görədir” deyərsən,
Çünki Allah itaətkarları xilas edər.
30 O, günahsız olmayanı belə qurtarar,
Sənin əllərinin təmizliyinə görə günahkar xilas olar».

*22:2 Əyy. 35:6-8