48
Moav barədə vəhy
* Yeş. 15:1–16:14; 25:10-12; Yez. 25:8-11; Amos 2:1-3; Sef. 2:8-11 Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir:
«Vay Nevonun halına!
Çünki viranəliyə çevriləcək.
Qiryatayim dağılacaq,
Ələ keçiriləcək.
Qalası dağılacaq,
Darmadağın olacaq.
Artıq Moavın şöhrəti qalmayıb.
Xeşbonda * Xeşbon – ibrani dilində niyyət qurmaq sözünə oxşayır. onun məhvi üçün niyyət qururlar:
“Gəlin onu yox edək ki,
Daha bir də belə millət olmasın”.
Ey Madmen, Madmen – ibrani dilində susdurmaq sözünə oxşayır. sən də susdurulacaqsan,
Qılınc səni qovacaq.
 
Xoronayimdən fəryad səsi gələcək:
“Şəhər dağıldı və böyük qırğın oldu!”
Moav dağıdıldı,
Övladlarının fəryadı ucaldı.
* Yeş. 15:5 Ağlaya-ağlaya
Luxit yoxuşundan çıxırlar,
Çünki Xoronayim enişində
Qırğına görə acı fəryadlar eşidilir.
Qaçın, canınızı qurtarın!
Çöldəki yulğun ağacı kimi az-az görünün.
 
Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün
Sən də ələ keçiriləcəksən.
Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə
Sürgün ediləcək.
Rəbbin söylədiyi kimi
Məhv edən hər şəhərin üstünə gələcək,
Heç bir şəhər qurtulmayacaq.
Vadi yerlə yeksan olacaq,
Yayla viran ediləcək.
Moav torpağına duz tökün ki,
Bərəkətsiz olsun.
Şəhərləri elə viran olacaq ki,
Orada kimsə yaşamayacaq.
 
10 Rəbbin işini yarımçıq görənə
Lənət olsun!
Qılıncını qan tökməkdən saxlayana
Lənət olsun!
11 Moav cavanlığından bəri qayğısız idi.
Tortası dibdə qalan şəraba oxşayırdı.
Qabdan qaba boşaldılmadı,
Sürgünə getmədi.
Buna görə də dadını dəyişmədi,
Ətrini itirmədi.
12 Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir» Rəbb belə bəyan edir. «Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça edəcəklər. 13 İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq.
14 Nə üçün “biz igidik,
Döyüşə qabil əsgərlərik” deyirsiniz?
15 Moav məhv olacaq,
Onun şəhərlərinə hücum edəcəklər.
Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək»
Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir.
16 «Moavın fəlakəti gəlmək üzrədir,
Onun bəlası sürətlə yaxınlaşır.
17 Ey onun ətrafında olanlar,
Onun adını bilənlər,
Onun üçün yas tutub deyin:
“Qüdrətli əsa, əzəmətli dəyənək
Necə də qırıldı!”
 
18 Ey qıza bənzəyən Divonun sakini,
Cah-calalından düş,
Susuz yerdə otur.
Çünki Moavı məhv edən
Sənin də üstünə gələcək,
Qalalarını dağıdacaq.
19 Ey Aroer sakini,
Yol kənarında durub gözlə!
Qaçan kişidən, qurtulan qadından
“Nə olub?” deyə soruş.
20 Moav alçaldıldı,
Çünki dağıldı.
Fəryad et, bağır!
Moavın məhv olduğunu
Arnon vadisində bildir.
21 Yayladakı şəhərlər – Xolon, Yahsa, Mefaat, 22 Divon, Nevo, Bet-Divlatayim, 23 Qiryatayim, Bet-Qamul, Bet-Meon, 24 Qeriyot, Bosra – uzaq və yaxın bütün Moav şəhərləri məhkum oldu. 25 Moavın buynuzu kəsildi, qolu qırıldı» Rəbb belə bəyan edir.
26 «Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək. 27 Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən?
28 Ey Moav sakinləri,
Şəhərlərinizi tərk edib
Qayalara sığının.
Yuvasını uçurumun ağzında quran
Göyərçin kimi olun.
29  * Yeş. 16:6,8,10 Moavın qüruru, onun hədsiz məğrurluğu,
Təkəbbürü, təşəxxüsü, lovğalığı,
Özünü yüksək tutması barədə biz eşitmişdik.
30 Azğınlığını bilirəm»
Rəbb belə bəyan edir.
«Öyünməsi də boş şeydir, etdikləri də.
31 Buna görə də Moav üçün nalə çəkəcəyəm,
Bütün Moav üçün fəryad edəcəyəm,
Qir-Xeres xalqı üçün yas tutacağam.
32 Ey Sivma tənəyi,
Sənin üçün Yazer xalqından çox ağlayacağam.
Budaqların dənizi aşdı,
Yazer dənizinə uzandı.
Məhv edən sənin yay meyvələrinin,
Yetişmiş üzümünün üstünə atıldı.
33 Moavın meyvə bağlarından, tarlalarından
Sevinc və fərəh götürüldü.
Üzümsıxanlardan axan şərabı kəsdim.
Heç kəs sevinc nidası ilə üzüm əzmir.
Gələn səda sevinc nidası deyil.
34  * Yeş. 15:2,4 Xeşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan Xoronayimə, Eqlat-Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu. 35 Moavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv edəcəyəm» Rəbb belə bəyan edir. 36 «Buna görə də Moav üçün ürəyim ney kimi inləyir. Qir-Xeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə etdiyi mal-dövlət yox oldu. 37 Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq. 38 Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir. 39 «Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu».
40 Rəbb belə deyir:
«Bax düşmən qartal kimi uçub
Moav üzərində qanadlarını gərəcək.
41 Qeriyot ələ keçiriləcək,
Qalalar alınacaq.
O gün Moav döyüşçülərinin ürəyi
Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.
42 Moav viran olacaq,
Xalqlar arasından silinəcək.
Çünki Rəbb qarşısında qürurlandı.
43  * Yeş. 24:17 Ey Moav sakinləri,
Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq»
Rəbb belə bəyan edir.
44 «Dəhşətdən qaçan dərin çuxura düşəcək,
Dərin çuxurdan çıxa bilən tələyə düşəcək.
Çünki Moavın üzərinə
Cəza ilini gətirəcəyəm»
Rəbb belə bəyan edir.
45  * Say. 21:28-29 «Xeşbonun kölgəsində
Qaçqınlar taqətsiz durmuşlar.
Çünki Xeşbondan od,
Sixonun ortasından alov çıxdı.
Moavın alnını,
Hər yana səs salanların başlarını
Yandırıb-yaxdı.
46 Vay halına, ey Moav!
Kemoşun xalqı yox oldu.
Oğulların sürgünə göndərildi,
Qızların əsir alındı.
 
47 Ancaq gələcəkdə
Moavdan sürgün olunanları geri qaytaracağam»
Rəbb belə bəyan edir.
 
Moav barədəki hökm burada sona çatır.

*48:1 Yeş. 15:116:14; 25:10-12; Yez. 25:8-11; Amos 2:1-3; Sef. 2:8-11

*48:2 Xeşbon – ibrani dilində niyyət qurmaq sözünə oxşayır.

48:2 Madmen – ibrani dilində susdurmaq sözünə oxşayır.

*48:5 Yeş. 15:5

*48:29 Yeş. 16:6,8,10

*48:34 Yeş. 15:2,4

*48:43 Yeş. 24:17

*48:45 Say. 21:28-29