36
Yehoyaqimin Yeremyanın tumarını yandırması
1 * 2Pad. 24:1; 2Saln. 36:5-7; Yer. 45:1; Dan. 1:1-2 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Bir tumar götür, Yoşiyanın dövründə səninlə ilk dəfə danışdığım gündən indiyə qədər İsrail, Yəhuda və başqa millətlər haqqında sənə söylədiyim bütün sözləri oraya yaz. 3 Bəlkə Yəhuda xalqı başına gətirməyi niyyət etdiyim bütün fəlakətlər barəsində xəbər alanda öz pis yolundan dönər, Mən də onların təqsirlərini və günahlarını bağışlayaram». 4 O zaman Yeremya Neriya oğlu Baruku çağırdı. Baruk da Rəbbin Yeremyaya söylədiyi bütün sözləri onun dilindən eşidib tumara yazdı. 5 Yeremya Baruka əmr edib dedi: «Mən məhbusam, Rəbbin məbədinə gedə bilmərəm. 6 Sən oruc günü Rəbbin məbədinə get. Oradakı xalqa mənim dilimdən eşidib tumara yazdığın Rəbbin sözlərini oxu. Yəhuda şəhərlərindən gələn bütün xalqa bunu oxu. 7 Bəlkə onda Rəbbə yalvarışla müraciət edib öz pis yollarından dönərlər. Çünki Rəbbin bu xalq barədə ifadə etdiyi qəzəb və hiddət böyükdür». 8 Neriya oğlu Baruk Yeremya peyğəmbərin əmr etdiyi hər şeyə əməl etdi, tumarda yazılmış Rəbbin sözlərini Onun məbədində oxudu.
9 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının beşinci ilinin doqquzuncu ayında Yerusəlimdə yaşayan və Yəhuda şəhərlərindən Yerusəlimə gələn bütün xalq Rəbbin önündə oruc elan etdi. 10 Mirzə Şafan oğlu Gemaryanın yuxarı həyətdə, məbədin Yeni darvazasının girişindəki otağında Baruk tumardan Yeremyanın sözlərini Rəbbin məbədinə yığışmış bütün xalqa oxudu.
11 Şafan oğlu Gemarya oğlu Mikeya tumardan oxunan Rəbbin sözlərini eşidən kimi 12 aşağı enib saraydakı mirzə otağına getdi. Bütün başçılar orada toplaşmışdı: mirzə Elişama, Şemaya oğlu Delaya, Akbor oğlu Elnatan, Şafan oğlu Gemarya, Xananya oğlu Sidqiya və başqaları. 13 Mikeya Barukun xalqa oxuduğu tumardan hər şeyi onlara danışdı.
14 Bundan sonra bütün başçılar Kuşi oğlu Şelemya oğlu Netanya oğlu Yehudini Barukun yanına göndərdi. Yehudi Baruka «xalqa oxuduğun tumarı götür gəl» dedi. Neriya oğlu Baruk əlində tumar onların yanına getdi. 15 Başçılar ona dedi: «Buyur əyləş, bunu bizə də oxu». Baruk da tumarı onlara oxudu. 16 Onlar bütün bu sözləri eşidəndə qorxu içində bir-birlərinə baxıb Baruka dedilər: «Bütün bu sözləri mütləq padşaha bildirməliyik». 17 Sonra Barukdan soruşdular: «İndi bizə söylə, bütün bu sözləri necə yazdın? Yeremya diktə etdimi?» 18 Baruk onlara dedi: «Bütün bu sözləri Yeremya mənə diktə etdi, mən də mürəkkəblə tumara yazdım». 19 Başçılar Baruka dedi: «Sən də, Yeremya da gedin gizlənin. Harada olduğunuzu heç kəs bilməsin».
20 Sonra onlar tumarı mirzə Elişamanın otağında qoyub həyətdə olan padşahın yanına getdilər. Eşitdikləri hər şeyi ona danışdılar. 21 Padşah tumarı götürüb gətirməsi üçün Yehudini göndərdi. Yehudi tumarı mirzə Elişamanın otağından götürüb gətirdi. Onu padşaha və padşahın yanında duran bütün başçılara oxudu. 22 Bu zaman doqquzuncu ay idi və padşah qış sarayında yaşayırdı. Onun önündə odlu manqal yanırdı. 23 Yehudi tumardan hələ üç-dörd sütun oxumuşdu ki, padşah mirzə bıçağı ilə onları kəsib manqaldakı oda atdı. Bunu o vaxta qədər etdi ki, bütün tumar manqalda yanıb-qurtardı. 24 Tumardakı bütün sözləri eşidən padşah və onun əyanları nə qorxuya düşdülər, nə də paltarlarını cırdılar. 25 Elnatan, Delaya və Gemarya tumarı yandırmaması üçün yalvarsa da, padşah onlara qulaq asmadı. 26 Əksinə, o, şahzadə Yeraxmeelə, Azriel oğlu Serayaya və Avdeel oğlu Şelemyaya əmr etdi ki, mirzə Baruku və Yeremya peyğəmbəri tutsunlar. Ancaq Rəbb onları gizlətmişdi.
27 Barukun Yeremyanın dilindən eşidib yazdığı tumarı padşah yandırandan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu: 28 «Başqa bir tumar götür, bütün əvvəlki sözləri – Yəhuda padşahı Yehoyaqimin yandırdığı ilk tumarda olanları oraya yaz. 29 Yəhuda padşahı Yehoyaqim üçün də söylə ki, Rəbb belə deyir: “Sən bu tumarı yandırıb söylədin ki, nə üçün Babil padşahının mütləq gəlib bu ölkəni xarabalığa çevirəcəyini, oradakı insanları da, heyvanları da məhv edəcəyini bu tumara yazdın?” 30 Buna görə də Yəhuda padşahı Yehoyaqim barədə Rəbb belə deyir: “Onun nəslindən heç kəs Davudun taxtında oturmayacaq. Cəsədi gündüzün istisinə, gecənin ayazına atılacaq. 31 Özünü, nəslini və əyanlarını günahlarından ötrü cəzalandıracağam. Haqqında danışdığım bütün fəlakətləri onların, Yerusəlimdə yaşayanların və Yəhuda adamlarının başına gətirəcəyəm, çünki qulaq asmadılar”».
32 Yeremya başqa bir tumar götürüb mirzə Neriya oğlu Baruka verdi. Yəhuda padşahı Yehoyaqimin oda atıb yandırdığı tumardakı bütün sözləri Baruk Yeremyanın diktəsi ilə tumara yazdı. O sözlərə bənzər bir çox söz də oraya əlavə olundu.