30
Allahın öz xalqına vədi
Yeremyaya Rəbdən bu söz nazil oldu: «İsrailin Allahı Rəbb belə deyir: “Sənə söylədiyim bütün sözləri bir kitaba yaz”. Çünki Rəbb bəyan edir: “Xalqım İsraili və Yəhudanı sürgündən qaytaracağım günlər yaxınlaşır. Onları atalarına verdiyim torpağa qaytaracağam və oranı mülk edəcəklər”. Bu, Rəbbin sözüdür.
İsrail və Yəhuda üçün Rəbbin söylədiyi sözlər bunlardır. Rəbb belə deyir:
“Qorxu səsi eşitdik,
Asayiş deyil, dəhşət səsi.
İndi soruşun, bilin ki,
Kişi də uşaq doğarmı?
Elə isə nə üçün doğan qadın kimi
Hər kişinin əllərini belində görürəm?
Nə üçün hamının bənizi solub?
Ah, bu nə dəhşətli gündür!
Bir daha belə gün olmayacaq,
Yaqub nəsli üçün sıxıntı dövrü olacaq,
Ancaq yenə də bundan qurtulacaq”.
Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək. Ancaq özlərinin Allahı Rəbbə, onlara təyin edəcəyim padşahları Davuda qulluq edəcəklər”.
 
10  * Yer. 46:27-28 Rəbb bəyan edir:
“Qorxma, ey qulum Yaqub,
Dəhşətə düşmə, ey İsrail.
Çünki səni uzaq yerlərdən,
Nəslini sürgün olunduğu ölkədən qurtaracağam.
Yaqub nəsli yenə geri qayıdacaq,
Rahatlıq tapıb qayğısız olacaq,
Onu kimsə qorxutmayacaq.
11 Çünki Mən səninləyəm,
Səni qurtaracağam”
Rəbb belə bəyan edir.
“Səni aralarına apardığım
Millətlərin hamısını yox etsəm də,
Səni tamamilə məhv etməyəcəyəm,
Səni ədalətlə tərbiyələndirəcəyəm,
Amma cəzasız da qoymayacağam”.
 
12 Çünki Rəbb belə deyir:
“Sənin yaran şəfa tapmaz,
Xoran sağalmaz.
13 Məhkəmədə işinə baxan yoxdur,
Xəstəliyinə dərman yoxdur,
Sənin dərdinə əlac yoxdur.
14 Bütün müttəfiqlərin səni unutdu,
Səni arayıb-axtarmırlar.
Düşmən vuran kimi Mən səni vurdum.
Rəhmsizcəsinə cəzalandırdım.
Çünki təqsirkarlığın böyükdür,
Günahların çoxdur.
15 Niyə yarandan ötrü qışqırırsan?
Dərdin şəfa tapmaz.
Bu işləri ona görə sənə etdim ki,
Təqsirkarlığın böyükdür,
Günahların çoxdur.
 
16 Ancaq səni yeyənlərin də hamısı yem olacaq.
Bütün düşmənlərin sürgünə gedəcək.
Səni soyanlar soyulacaq,
Səni qarət edənlər qarət olunacaq”.
17 Rəbb bəyan edir:
“Mən səni yenə sağaldacağam,
Yaralarına şəfa verəcəyəm.
Çünki deyirlər ki,
Sion rədd edilib,
Onu axtaran yoxdur”.
 
18 Rəbb belə deyir:
“Mən Yaqubun çadırlarını
Sürgündən geri qaytaracağam.
Onun məskənlərinə rəhm edəcəyəm.
Şəhər yenidən viranələri üzərində tikiləcək,
Saray öz yerində bərpa olunacaq.
19 Onların arasından
Şükür və şənlik səsləri eşidiləcək.
Mən onları çoxaldacağam, azalmayacaqlar,
İzzətləndirəcəyəm, alçalmayacaqlar.
20 Övladları əvvəlki kimi olacaq,
İcması önümdə möhkəm duracaq.
Onları sıxışdıranların hamısını cəzalandıracağam.
21 Rəhbərləri özlərindən olacaq,
Başçıları aralarından çıxacaq.
Onu Özümə yaxınlaşdıracağam,
O da Mənə yaxınlaşacaq.
Başqa cür kim Mənə özü yaxınlaşmağa
Cürət edə bilər?”
Rəbb belə bəyan edir.
22 “Beləcə siz Mənim xalqım,
Mən də sizin Allahınız olacağam”».
 
23 Budur, Rəbbin fırtınası qəzəblə qopacaq,
Şiddətli qasırğası
Pis adamların başında çatlayacaq.
24 Rəbb Öz ürəyinin istədiyini
Tamamilə edənə qədər
Qızğın qəzəbini söndürməyəcək.
Siz gələcəkdə bunu anlayacaqsınız.

*30:10 Yer. 46:27-28