26
Yeremyanın ölümlə hədələnməsi
* 2Pad. 23:36–24:6; 2Saln. 36:5-7 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının əvvəlində Rəbdən bu söz nazil oldu: «Rəbb belə deyir: “Rəbbin məbədinin həyətində dur, ibadət etmək üçün Yəhuda şəhərlərindən oraya gələn hər kəsə müraciət et. Sənə buyurduğum hər şeyi onlara bildir, bir söz də əskiltmə. Bəlkə qulaq asarlar, öz pis yollarından dönərlər. Mən də pis əməllərinə görə başlarına gətirəcəyim fəlakətdən vaz keçərəm”. Onlara söylə ki, Rəbb belə deyir: “Əgər sizə verdiyim qanuna görə davranmasanız, Mənə qulaq asmasanız, dəfələrlə sizin yanınıza göndərdiyim qullarım olan peyğəmbərlərin sözlərinə qulaq asmasanız – necə ki qulaq asmırsınız – o zaman * Yeşua 18:1; Zəb. 78:60; Yer. 7:12-14 bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm”».
Kahinlər, peyğəmbərlər və bütün xalq Yeremyanın Rəbbin məbədində söylədiyi bu sözləri eşitdi. Yeremya Rəbbin xalqa çatdırmasını buyurduğu sözləri deyib qurtaranda kahinlər, peyğəmbərlər və oradakı bütün xalq onu tutub söylədi: «Sən ölməlisən. Nə üçün “bu məbəd Şilo kimi olacaq, bu şəhər xaraba qalacaq, orada yaşayan olmayacaq” deyib Rəbbin adı ilə peyğəmbərlik edirsən?» Rəbbin məbədində olan bütün xalq Yeremyanın ətrafına yığıldı.
10 Yəhuda başçıları bunları eşidən kimi padşah sarayından çıxıb Rəbbin məbədinə qalxdı və məbədin Yeni darvazasının girəcəyində oturdu. 11 O zaman kahinlər və peyğəmbərlər başçılara və bütün xalqa söylədi: «Bu adam ölümə layiqdir, çünki öz qulağınızla eşitdiyiniz kimi bu şəhərin əleyhinə peyğəmbərlik etdi».
12 Onda Yeremya bütün başçılara və xalqa dedi: «Rəbb məni göndərdi ki, bu məbədin və şəhərin əleyhinə eşitdiyiniz bütün peyğəmbərlik sözlərini bildirim. 13 İndi yaşayışınızı və əməllərinizi islah edin. Allahınız Rəbbin sözünə qulaq asın. O zaman Rəbb başınıza gətirəcəyini bildirdiyi bəladan vaz keçəcək. 14 Mən isə sizin ixtiyarınızdayam. Gözünüzdə nə yaxşı və düzdürsə, mənimlə eləcə də rəftar edin. 15 Ancaq yaxşı bilin ki, məni öldürsəniz, günahsız qanın məsuliyyətini özünüzün, bu şəhərin və orada yaşayanların üzərinə götürmüş olursunuz. Çünki Rəbb, həqiqətən, məni yanınıza göndərdi ki, bütün bu sözləri sizə çatdırım».
16 Başçılar və bütün xalq kahinlərə və peyğəmbərlərə dedi: «Bu adama ölüm hökmü çıxarmaq olmaz, çünki bizimlə Allahımız Rəbbin adından danışdı». 17 Ölkə ağsaqqallarından bir neçəsi qalxıb toplaşmış bütün xalqa dedi: 18  * Mik. 3:12 «Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir:
“Sion tarla kimi şumlanacaq,
Yerusəlim daş qalağına dönəcək,
Məbədin tikildiyi dağ
Meşəli təpələrə çevriləcək”.
19 Yəhuda padşahı Xizqiya yaxud Yəhuda xalqından biri onu öldürdümü? Əksinə, Xizqiya Rəbdən qorxub Ondan lütf istədi, Rəbb də onlara göndərəcəyini söylədiyi bəladan vaz keçdi. Biz isə özümüzə böyük pislik gətirmək təhlükəsindəyik».
Padşahın Uriya peyğəmbəri öldürməsi
20 Qiryat-Yearimli Şemaya oğlu Uriya adlı bir adam da Rəbbin adı ilə peyğəmbərlik edirdi. O da eynilə Yeremya kimi danışaraq bu şəhərin və ölkənin əleyhinə peyğəmbərlik edirdi. 21 Padşah Yehoyaqim, bütün cəngavərləri və başçıları onun sözlərini eşitdi. Padşah onu öldürmək istədi. Ancaq Uriya bunu eşidən kimi qorxub Misirə qaçdı. 22 Bundan sonra padşah Yehoyaqim öz adamlarını – Akbor oğlu Elnatanı və bir neçə nəfəri Misirə göndərdi. 23 Uriyanı Misirdən çıxarıb padşah Yehoyaqimin yanına gətirdilər. Padşah onu qılıncla öldürüb ümumi qəbiristanlığa atdırdı.
24 Ancaq Yeremya öldürülmək üçün xalqa təslim edilmədi, çünki Şafan oğlu Axiqam onu qorudu.

*26:1 2Pad. 23:3624:6; 2Saln. 36:5-7

*26:6 Yeşua 18:1; Zəb. 78:60; Yer. 7:12-14

*26:18 Mik. 3:12