28
Kahinlərin geyimləri
(Çıx. 39:1-7)
Sən isə qardaşın Harunu və onun oğulları Nadavı, Avihunu, Eleazarı və İtamarı İsrail övladlarının arasından yanına gətir ki, onlar Mənə kahinlik etsin. Qardaşın Haruna izzət və gözəllik üçün müqəddəs geyimlər hazırla. Sən də hikmət ruhu ilə doldurduğum bütün məharətli ustalara Harunun təqdis olunması üçün ona geyimlərin hazırlamasını tapşır ki, o Mənə kahinlik etsin. Onların hazırlayacağı geyimlər bunlardır: döşlük, efod,* Efod – kahin xalatı. üst cübbə, Cübbə – qədim uzun xalat. dama-dama xirqə, Xirqə – cübbənin altından geyilən içi pambıqlı qısa geyim. çalma və qurşaq. Bu müqəddəs geyimləri qardaşın Haruna və oğullarına hazırlasınlar ki, Mənə kahinlik etsinlər. Qoy geyimləri hazırlayanlar qızıl, bənövşəyi, tünd qırmızı, al rəngli iplik və incə kətan götürsünlər.
Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxışla düzəltsinlər. Hər iki ucunu bir-birinə bağlayan iki çiyinlik olsun ki, o bərkidilsin. Efodun üstündəki kəmər eyni hissədən olsun. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan olsun. İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını həkk et. 10 Onların doğulma sırası ilə bir daşın üstündə altı ad, o birisinin üstündə qalan altı adı, 11 həkkakın işi olan möhür oyması kimi iki daş üstündə İsrailin oğullarının adlarını həkk et. Bunları hörmə qızıl sağanaqlara salıb, 12 bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək. 13 Hörmə qızıldan sağanaqlar düzəlt, 14 xalis qızıldan iki ipə bənzər burma zəncir düzəlt; burma zəncirləri sağanaqlara tax.
Döşlük
(Çıx. 39:8-21)
15 Hökm döşlüyünü efod kimi naxışlı düzəlt. Onu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəlt. 16 Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış olsun. 17 Üstündəki bir çərçivəyə dörd sıra daş tax. Birinci sıra yaqut, topaz, zümrüd 18 ikinci sıra firuzə, göy yaqut və almaz, 19 üçüncü sıra sirkon, əqiq və ametist, 20 dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı olsun. Bu daşlar hörmə qızıl sağanaqlara taxılsın. 21 Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə olsun; hər daş on iki qəbilədən birinin adının oyma möhürü olsun. 22 Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayır. 23 Döşlük üçün iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna tax. 24 İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya tax. 25 İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağla. 26 Yenə də iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna, efodla yanaşı iç qatına tax. 27 Digər iki qızıl halqa düzəlt və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmə üzərinə bərkit. 28 Döşlük halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlanıb efodun kəmərinin üzərinə bərkidilsin ki, döşlük efoddan sallanmasın.
29 Harun Müqəddəs yerə daxil olduğu zaman Rəbbin önündə daima xatirə olaraq İsrailin oğullarının adlarını hökm döşlüyündə, ürəyinin üstündə daşıyacaq. 30 Urim və Tummimi də hökm döşlüyünə qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq.
Kahinlərin digər geyimləri
(Çıx. 39:22-31)
31 Efodun cübbəsini büsbütün bənövşəyi iplikdən tik. 32 Ortasında baş keçirmək üçün yer olsun. Onun kənarında cırılmamaq üçün yaxa toxunsun. 33 Cübbənin ətəyinin ətrafına bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar və zınqırovlar düz: 34 cübbənin ətəyi boyunca ətrafında qızıl zınqırov və nar sıra ilə düzülsün. 35 Qoy cübbə Harun xidmət etdiyi zaman əynində olsun. Verdiyi səs də onun Müqəddəs yerə – Rəbbin hüzuruna girib-çıxdığı zaman eşidilsin ki, o ölməsin.
36 Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş” yazısını həkk et. 37 Onu bənövşəyi qaytanla çalmanın üstünə – qabaq tərəfinə tik. 38 Beləcə lövhəcik Harunun alnının üstündə olsun. İsrail övladlarının təqdis etdikləri bütün müqəddəs hədiyyələrin Rəbbin qarşısında məqbul olub-olmamasının məsuliyyətini Harun daşıyacaq. Buna görə də qoy lövhəcik həmişə Harunun alnında olsun.
39 Xirqəni incə kətandan dama-dama hör. Çalmanı da incə kətandan düzəlt. Qurşağın üzərinə naxış tikib düzəlt.
40 Harunun oğullarına izzət və gözəllik üçün xirqələr, qurşaqlar və papaqlar düzəlt. 41 Bunları qardaşın Harunla oğullarına geyindirib onları məsh et, vəzifəyə qoy və Mənə kahinlik etmək üçün təqdis et. 42 Beldən buda qədər lüt bədənlərini örtən kətan alt paltarları tik. 43 Bunları Harunla oğulları Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olanda yaxud qurbangaha yaxınlaşanda cəza çəkib ölməmək üçün geyəcəklər. Bu, Harunla övladlarına əbədi qayda olsun.

*28:4 Efod – kahin xalatı.

28:4 Cübbə – qədim uzun xalat.

28:4 Xirqə – cübbənin altından geyilən içi pambıqlı qısa geyim.