27
Selofxadın qızları
1 Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın qızları Yusif oğlu Menaşşenin nəsillərinə mənsub idi. Qızların adları belədir: Maxla, Noa, Xoqla, Milka və Tirsa. 2 Onlar Musanın, kahin Eleazarın və rəhbərlərlə bütün icmanın önündə, Hüzur çadırının girişində durub dedilər: 3 «Atamız səhrada öldü, lakin Qorahın tərəfini tutub Rəbbə qarşı üsyan edənlərin arasında deyildi. O öz günahına görə öldü və oğulları olmadı. 4 Oğlu olmadığına görə onun adı öz nəsli arasından nə üçün silinməlidir? Atamızın qardaşları arasında bizə bir mülk verin».
5 Musa onların işini Rəbbin önünə qoydu. 6 Rəbb Musaya dedi: 7 * Say. 36:2 «Selofxadın qızları doğru deyirlər: mütləq onlara atalarının qardaşları arasında mülk ver və atalarının mirasını onlara keçir. 8 İsrail övladlarına de ki, əgər bir adam ölərsə və onun oğlu yoxdursa, o zaman mirası onun qızına keçir. 9 Əgər onun qızı yoxdursa, onda mirasını onun qardaşlarına ver. 10 Əgər qardaşları yoxdursa, onda mirasını atasının qardaşlarına ver. 11 Əgər atasının qardaşları yoxdursa, o zaman mirasını nəslindən ona ən yaxın olan qohumuna ver ki, mülk onun olsun. Bu, Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladlarına qanun və hökm olsun».
Yeşuanın Musanın yerinə təyin olunması
(Qanun. 31:1-8)
12 * Qanun. 3:23-27; 32:48-52 Rəbb Musaya dedi: «Bu Avarim dağına çıx və İsrail oğullarına verdiyim ölkəni gör. 13 Onu gördükdən sonra qardaşın Harun nə cür xalqına qovuşdusa, sən də elə ölüb, xalqına qovuşacaqsan. 14 Çünki Zin səhrasında əmrimə qarşı çıxdınız. İcma Mənə üsyan edəndə sulara görə onların gözləri önündə Mənim müqəddəsliyimi etiraf etmədiniz». Bunlar Zin səhrasındakı Qadeşdə olan Meriva sularıdır.
15 Musa Rəbbə dedi: 16 «Rəbb – bütün bəşər ruhlarının Allahı, icma üzərinə bir adam nəsib etsin, 17 * 1Pad. 22:17; 2Saln. 18:16; Yez. 34:5; Zək. 10:2; Mat. 9:36; Mark 6:34 o da onların önündə girib-çıxsın, onların önündə döyüşə gedib-gəlsin. Qoy Rəbbin icması çobansız sürü kimi olmasın».
18 * Çıx. 24:13 Rəbb Musaya dedi: «İçində Ruh olan bir adamı – Nun oğlu Yeşuanı yanına gətirərək əlini onun üzərinə qoyacaqsan. 19 Onu kahin Eleazar və bütün icma qarşısında dayandırıb onların gözləri önündə ona vəzifə tapşır. 20 Ona öz səlahiyyətindən ver ki, bütün İsrail icması ona itaət etsin. 21 O, hökm almaq üçün kahin Eleazarın qarşısında duracaq. Eleazar isə Urim * Urim – kahin döşlüyünün içində olub, Rəbbin iradəsini bilmək üçün püşk kimi atılan daş. vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər».
22 Musa Rəbbin ona əmr etdiyi kimi etdi: Yeşuanı götürüb kahin Eleazarın və bütün icmasının önündə dayandırdı. 23 * Qanun. 31:23 Rəbbin Musa vasitəsilə əmr etdiyi kimi əllərini onun üzərinə qoyaraq ona vəzifə tapşırdı.
*27:12 Qanun. 3:23-27; 32:48-52
*27:17 1Pad. 22:17; 2Saln. 18:16; Yez. 34:5; Zək. 10:2; Mat. 9:36; Mark 6:34
*27:21 Urim – kahin döşlüyünün içində olub, Rəbbin iradəsini bilmək üçün püşk kimi atılan daş.