5
Nehemyanın ədalətsizliklə üzləşməsi
O zaman xalqın kişiləri və qadınları Yəhudi soydaşlarından bərk şikayət etməyə başladılar. Bəziləri belə deyirdi: «Bizim külfətimiz böyük, oğullarımız, qızlarımız çoxdur. Yaşamaq üçün yeməyə taxıl tapmalıyıq». Bəziləri isə belə deyirdi: «Qıtlığın üzündən tarlalarımızı, bağlarımızı və evlərimizi girov qoyuruq ki, taxıl tapaq». Belə deyənlər də var idi: «Padşahın tarlalarımıza və bağlarımıza qoyduğu vergini ödəmək üçün borc pul aldıq. İndi bizimlə soydaşlarımız eyni nəsildir, bizim uşaqlarımız da onlarınkından fərqlənmir. Budur, oğullarımızı və qızlarımızı kölə kimi satmağa məcburuq. Artıq qızlarımızdan bəziləri belə, satıldı. Lakin biçarəyik, çünki tarlalarımız və bağlarımız başqalarının əlindədir».
Mən onların şikayət və ittihamlarını eşidəndə çox qəzəbləndim. * Çıx. 22:25; Lev. 25:35-37; Qanun. 23:19-20 Ciddi düşündükdən sonra əyanlarla hökumət məmurlarını tənbeh edib belə dedim: «Siz hamınız soydaşlarınıza sələmlə pul verirsiniz». Onların əleyhinə böyük yığıncaq topladım. Mən onlara dedim: «Biz yadellilərə kölə kimi satılan Yəhudi soydaşlarımızı gücümüz çatana qədər satın alırıq. Siz isə soydaşlarımızı satırsınız ki, onları təzədən bizə satsınlar?» Onlar deməyə bir söz tapmayıb susdular. Sonra mən dedim: «Etdiyiniz bu iş yaxşı deyil. Siz düşmənlərimiz olan yadelli millətlərin danlağından qurtulmaq üçün Allahımıza ehtiram göstərərək yaşamalı deyilsinizmi? 10 Mən də qardaşlarım və nökərlərimlə birgə onlara pul və taxıl borc verirəm. Gəlin bu sələmçiliyi dayandıraq. 11 İndi isə bu gün onlara tarlalarını, bağlarını, zeytunluqlarını, evlərini, onlardan aldığınız pulun, taxılın, təzə şərabın və yağın sələmini geri qaytarın». 12 Əyanlar və hökumət məmurları dedilər: «Biz bunları qaytararıq və daha onlardan heç bir şey tələb etmərik. Sən necə deyirsən, biz də elə edərik». Mən kahinləri çağırdım və bu sözə əməl edəcəkləri barədə onları and içdirdim. 13 Sonra ətəyimi silkələyib dedim: «Qoy bu sözə əməl etməyən hər kəsi Allah evindən, mal-mülkündən silkələyib ataraq boş yerdə qoysun!» Bütün camaat «Amin» deyib Rəbbə həmd etdi. İcma bu sözlərə əməl etdi.
Nehemyanın təmənnasız xidməti
14 Bundan əlavə, padşah Artaxşastanın hökmranlığının iyirminci ilindən otuz ikinci ilinə qədər – Yəhuda torpağına vali təyin edildiyim gündən bəri on iki il mən və qardaşlarım valilərə təyin olunmuş azuqəni işlətmədik. 15 Amma məndən əvvəlki valilər xalqın üzərində yük olmuşdu. Onlardan çörək və şərabdan əlavə, qırx şekel gümüş alırdılar. Hətta o valilərin nökərləri də xalqa ağalıq edirdi. Mən isə Allah qorxusuna görə belə etmirdim. 16 Mən özümü bu divarın bərpasına həsr etdim. Biz bir tarla belə, almadıq. Bütün nökərlərim oraya – iş başına toplaşmışdı. 17 Ətraf millətlərdən yanımıza gələnlərdən əlavə, Yəhudilərdən və məmurlardan da yüz əlli adam süfrəmdə oturardı. 18 Hər gün mənim üçün bir öküz, altı seçmə qoyun və toyuqlar kəsilərdi. On gündən bir müxtəlif növ bol-bol şərab gətirilərdi. Buna baxmayaraq, mən valilərə təyin olunmuş azuqəni tələb etmirdim, onsuz da xalqın yükü ağır idi.
19 Ey Allahım, bu xalq üçün etdiyim işlərə görə məni yaxşılıqla xatırla!

*5:7 Çıx. 22:25; Lev. 25:35-37; Qanun. 23:19-20