21
Binyamin qəbiləsinin sonrakı aqibəti
İsraillilər «bizdən heç kim qızını Binyaminliyə ərə verməyəcək» deyə Mispada and içmişdilər. Xalq Bet-Elə gedib orada axşama qədər Allahın hüzurunda oturaraq və fəryad edərək bərkdən ağladı. Onlar dedilər: «Ey İsrailin Allahı Rəbb, niyə İsraildə belə hadisə baş verdi? Nə üçün bu gün İsraildən bir qəbilə əskildi?» Ertəsi gün xalq tezdən qalxıb orada Rəbbə bir qurbangah tikərək yandırma və ünsiyyət qurbanları təqdim etdi.
İsrail övladları dedi: «Bütün İsrail qəbilələrindən Rəbbin önündəki toplantımıza gəlməyən varmı?» Çünki Mispada olan Rəbbin önündəki toplantıya gəlməyənlər haqqında möhkəm and içmişdilər ki, onlar öldürülməlidirlər. İsrail övladları öz soydaşları Binyaminlilərdən ötrü kədərlənib dedilər: «Bu gün İsraildən bir qəbilə kəsildi. Onlardan sağ qalanlara arvad tapmaq üçün nə edək? Axı onlara qızlarımızı ərə verməmək üçün Rəbbin haqqına and içmişik».
Sonra İsrail övladları soruşdu: «İsrail qəbilələrindən Mispaya, Rəbbin hüzuruna kim gəlməyib?» Toplantı üçün ordugaha Yaveş-Gileaddan heç kimin gəlmədiyini öyrəndilər, çünki xalq siyahıya alınanda orada Yaveş-Gilead əhalisindən heç kimin olmadığı məlum oldu. 10 İcma oraya on iki min igid cəngavər göndərərək onlara əmr edib dedi: «Gedin, qadınlar və uşaqlar da daxil olmaqla Yaveş-Gilead əhalisinin hamısını qılıncdan keçirin. 11 Edəcəyiniz iş belə olacaq: hər kişini və kişi ilə yatan qadınların hamısını tamamilə məhv edin». 12 Yaveş-Gilead əhalisi arasında ərə getməmiş dörd yüz qız tapdılar və onları Kənan torpağında olan Şilodakı ordugaha gətirdilər.
13 Bütün icma Rimmon qayasında olan Binyamin övladlarının yanına adam göndərib danışdı və onları barışığa çağırdı. 14 O vaxt Binyaminlilər qayıtdılar və Yaveş-Gilead qadınlarından sağ qalan qadınlar onlara verildi, lakin gətirilənlər onların hamısına çatmadı. 15 Xalq Binyaminlilərdən ötrü kədərləndi, çünki Rəbb İsrail qəbilələri arasında bir yarıq açmışdı.
16 İcmanın ağsaqqalları dedi: «Qalanlar üçün necə arvad tapaq? Çünki Binyamindəki qadınlar həlak olmuşdu». 17 Ağsaqqallar sözlərinə davam etdi: «İsraildən bir qəbilə silinməsin deyə Binyamində sağ qalan oğulların varisi olmalıdır. 18 Biz qızlarımızı onlara ərə verə bilmərik, çünki İsrail övladları “Binyaminliyə qız verən lənətə gəlsin” deyə and içmişdilər».
19 Onlar sonra dedilər: «Baxın Bet-Elin şimalında, Bet-Eldən Şekemə çıxan əsas yolun şərqində və Levonanın cənubunda olan Şiloda ilbəil Rəbbin bayramı olur». 20 Beləliklə, Binyamin övladlarına belə əmr etdilər: «Gedib üzüm bağlarında pusquda durun, 21 baxın, güdün, Şilo qızları rəqsə çıxanda cəld bağlardan çıxın, hər kəs özünə arvad etmək üçün bir Şilo qızı götürüb Binyamin torpağına qaçsın. 22 Əgər onların ataları ya da qardaşları bizim yanımıza şikayətə gəlsələr, onlara belə deyərik: “Bizim xatirimizə Binyaminliləri bağışlayın, çünki əsir aldığımız qızlar hamısına çatmadı. Siz də onlara qız vermədiyinizə görə təqsirkar deyilsiniz”».
23 Binyamin övladları belə də etdilər və öz saylarına görə rəqs edən qızlardan götürüb qaçdılar. Sonra öz irs olan torpaqlarına qayıtdılar və şəhərləri bərpa edib o yerlərdə yaşadılar. 24 O vaxt İsrail övladları oranı tərk etdilər. Hər biri öz qəbiləsinə və öz nəslinin yanına qayıtdı, hər biri öz irs olan torpağına getdi.
25  * Hak. 17:6 O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi.

*21:25 Hak. 17:6