27
İsrailin qurtuluşu
O gün Rəbb Livyatana, * Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı, şər rəmzi. qaçan ilana,
Bəli, Livyatana, qıvrılan ilana
Amansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək,
Dənizdəki əjdahanı öldürəcək.
 
O gün Rəbb deyəcək:
«Xoşladığım bağ üçün nəğmələr oxuyun!
Mən Rəbb, bağı qoruyuram,
Tez-tez sulayıram,
Gecə-gündüz keşiyində dururam ki,
Heç kəs ona zərər verməsin.
Mən qəzəblənmirəm,
Kaş qarşıma tikan və qanqal çıxaydı,
Onda onlara qarşı çıxıb döyüşərdim,
Hamısını odda yandırardım.
Yaxud qoy Mənə pənah gətirsinlər,
Mənimlə barışsınlar,
Bəli, qoy Mənimlə barışsınlar».
 
Yaqub nəsli gələcəkdə kök salacaq,
İsrail şaxələnəcək, çiçəklənəcək,
Yer üzünü bəhrələri ilə dolduracaq.
 
Rəbb İsraili vuran düşmənləri kimi onu vurdumu?
Yaxud O, başqalarını öldürdüyü kimi İsraili də öldürdümü?
Rəbb Öz xalqına hökm etdi,
Qovub sürgünə göndərdi.
Şərq küləyi əsən gün Rəbb onları şiddətli yeli ilə qovdu.
 
Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq,
Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq:
Bütpərəst qurbangahların daşları
Tabaşir kimi ovulacaq,
İlahə Aşeranın rəmzi olan sütunlar
Ya da buxur qurbangahları
Bir daha dikəlməyəcək.
 
10 İstehkamlı şəhər tənha, kimsəsiz yurd,
Səhra kimi boş qaldı.
Orada dana otlayıb yatacaq,
Budaqları yeyib-qurtaracaq.
11 Şaxələri quruyanda qoparılacaq,
Qadınlar gəlib onları yandıracaq.
Bu xalq ağılsız olduğuna görə
Yaradan onlara rəhm etməyəcək,
Xaliq onlara qarşı xeyirxah olmayacaq.
 
12 O gün Rəbb Fərat çayından
Misir vadisinə qədər
Öz bəhrələrini yığacaq.
Siz bir-bir toplanacaqsınız, ey İsrail övladları!
13 O gün böyük şeypur çalınacaq,
Aşşur torpağında itkin düşənlərlə
Misirə sürgün edilənlər gəlib
Yerusəlimdə Müqəddəs dağda
Rəbbə səcdə edəcək.

*27:1 Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı, şər rəmzi.