25
İbrahimin ölümü
(1Saln. 1:32-33)
1 İbrahim başqa bir arvad aldı. Onun adı Qetura idi. 2 Qetura ona bunları doğdu: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. 3 Yoqşandan Səba və Dedan törədi. Dedanın nəsilləri: Aşşurlular, Letuşlular, Leumlular. 4 Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır. 5 İbrahim özünə məxsus olan hər şeyi İshaqa verdi. 6 Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi.
7 İbrahim yüz yetmiş beş il ömür sürdü. 8 O, uzun ömür sürdü, qoca vaxtında son nəfəsini verərək ölüb əcdadlarına qoşuldu. 9 Oğulları İshaq və İsmail onu Mamre qarşısında olan Maxpela mağarasında, Xetli Sohar oğlu Efronun tarlasında basdırdılar. 10 * Yar. 23:3-16 O tarlanı İbrahim Xetlilərdən satın almışdı. İbrahim və arvadı Sara orada basdırıldı. 11 Allah İbrahimin ölümündən sonra oğlu İshaqa xeyir-dua verdi. İshaq Beer-Laxay-Roidə yaşayırdı.
İsmailin oğulları
(1Saln. 1:28-31)
12 Saranın qarabaşı Misirli Həcərin İbrahimə doğduğu İsmailin nəsil tarixçəsi belədir. 13 Doğulma sırasına görə İsmailin oğullarının adları belədir: İsmailin ilk oğlu Nevayot, Qedar, Adbeel, Mivsam, 14 Mişma, Duma, Massa, 15 Xadad, Tema, Yetur, Nafiş və Qedma; 16 İsmailin oğulları bunlardır, kəndləri və obaları ilə birgə onların adları belədir. Onlar öz tayfalarının on iki başçısı idi. 17 İsmail yüz otuz yeddi il ömür sürdü. O, ömrünü başa vurdu və ölüb əcdadlarına qoşuldu. 18 İsmailin nəsilləri Xaviladan Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının yaşadığı yerin qarşısında yerləşmişdi.
Yaqub və Esav
19 İbrahimin oğlu İshaqın tarixçəsi belədir: İbrahimdən İshaq törədi. 20 İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi. 21 İshaq arvadı üçün Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını eşitdi, onun arvadı Rivqa hamilə oldu. 22 Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi. 23 * Rom. 9:11-12 Rəbb ona dedi:
«Sənin bətnində iki millət var,
Sənin qarnından iki xalq çıxacaq.
Bir xalq o biri xalqdan güclü olacaq,
Böyüyü kiçiyinə qulluq edəcək».
24 Rivqanın doğmaq vaxtı çatanda məlum oldu ki, onun bətnində əkizlər var. 25 İlk doğulan uşağın bütün dərisi qırmızı və tüklü cübbə kimi idi. Onda onun adını Esav * Esav – ibrani dilində tüklü. qoydular. 26 Ondan sonra qardaşı doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun adını Yaqub † Yaqub – ibrani dilində topuq tutan. qoydular. Onların doğulduğu vaxt İshaq altmış yaşında idi.
27 Uşaqlar böyüdü. Esav mahir ovçu və çöl adamı oldu. Yaqub isə çadırlarda yaşayan mülayim bir adam oldu. 28 İshaq Esavı sevirdi, çünki onun ovladığı heyvanlar İshaqın xoşuna gəlirdi. Rivqa isə Yaqubu sevirdi.
29 Bir gün Yaqub şorba bişirirdi. Esav isə çöldən yorğun gəldi. 30 Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom ‡ Edom – ibrani dilində qırmızı. adı verildi. 31 Yaqub dedi: «Əvvəlcə ilk oğulluq haqqını mənə sat». 32 Esav dedi: «Bir halda ki mən acından ölürəm, ilk oğulluq haqqı nəyimə lazımdır?» 33 * İbr. 12:16 Yaqub dedi: «Əvvəlcə mənə and iç». Esav ona and içdi və ilk oğulluq haqqını Yaquba satdı. 34 Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi. Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi.