45
Rəbbə verilən torpaq payı
Ölkəni irs olaraq payladığınız zaman Rəbb üçün torpaqdan pay kimi iyirmi beş min qulac uzunluğunda, on min qulac enində müqəddəs bir bölgə ayırın. Bütün bu bölgə müqəddəs olacaq. Bu bölgədən dördbucaqlı şəklində uzunluğu və eni beş yüz qulaclıq bir hissə müqəddəs məskən üçün, əlli qulaclıq bir yer isə ətrafındakı açıq sahə üçün ayrılsın. Bu ölçü ilə bir hissə ölç: uzunluğu iyirmi beş min qulac və eni on min qulac olsun. Müqəddəs məkan – Ən Müqəddəs yer orada olacaq. Bu, ölkənin müqəddəs payı olacaq. Bu yer məbəddə xidmət etmək üçün Rəbbə yaxınlaşan kahinlərə ayrılacaq. Burada kahinlərin evləri, Müqəddəs məkan üçün müqəddəs yer olacaq. Məbəddə xidmət edən Levililərə mülk olaraq iyirmi beş min qulac uzunluğunda, on min qulac enində bir bölgə verilsin. Orada yaşamaları üçün onlara məxsus şəhərlər olacaq. * Orada yaşamaları üçün onlara məxsus şəhərlər olacaq – qədim yunan tərcüməsində belədir, ibrani mətnində isə orada mülk olaraq iyirmi otaq alacaqlar.
Müqəddəs bölgəyə düşən hissə ilə birlikdə şəhər üçün eni beş min, uzunluğu iyirmi beş min qulac olan bir hissə ayırın. Bu bütün İsrail xalqı üçündür.
Başçıya verilən torpaq payı
Müqəddəs bölgəyə düşən hissə ilə şəhərə düşən hissənin hər iki tərəfindəki torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar qərbdən-qərbə, şərqdən-şərqə doğru uzanacaq və qərb sərhədindən şərq sərhədinə qədər uzunluğu bir İsrail qəbiləsinə düşən hissə qədərdir. Bu torpaq İsrail rəhbərinin payı olacaq. Bundan sonra rəhbərlərim xalqıma bir daha zülm etməyəcək, ancaq ölkəni qəbilələrinə görə İsrail nəslinə verəcək”.
Xudavənd Rəbb belə deyir: “Ey İsrail rəhbərləri, artıq bəsdir! Zorakılıqdan və ziyankarlıqdan əl çəkin, ədalətli və saleh əməllər edin. Xalqımı öz torpaqlarından qovmayın” Xudavənd Rəbb belə bəyan edir. 10  * Lev. 19:36 “Düzgün tərəzi ilə çəkin. Çəkdiyiniz efa da, bat da düzgün olsun. 11 Efa ilə bat eyni çəkidə olsun. Bat xomerin onda birinə, efa da xomerin onda birinə bərabər olmalıdır. İkisinin çəkisi də xomerə görə olsun. 12 Bir şekel iyirmi geraya bərabər olmalıdır. İyirmi, iyirmi beş, on beş şekel birlikdə bir minaya bərabər olmalıdır.
Qurbanlar və bayramlar
13 Gətirəcəyiniz təqdimlər bunlardır: hər xomer buğdadan efanın altıda biri qədər buğda, hər xomer arpadan efanın altıda biri qədər arpa verin. 14 Zeytun yağını isə bat çəkisinə görə ölçün və hər kor zeytun yağından batın onda biri qədər təqdim edin. Bir kor on bat yaxud bir xomerə bərabərdir. 15 İsrailin sulu otlaqlarındakı sürüdən iki yüz qoyundan bir qoyun götürülsün. Bu qoyunlardan taxıl təqdimləri, yandırma qurbanları və ünsiyyət qurbanları üçün istifadə edilsin ki, xalq kəffarə olunsun” Xudavənd Rəbb belə bəyan edir. 16 “Bütün ölkə xalqı bu təqdimi İsrail rəhbərinə verəcək. 17 İsraildə keçirilən bütün bayramlarda – şənliklərdə, Təzə Ay mərasimlərində və Şənbə günlərində yandırma qurbanları, taxıl və içmə təqdimlərini təmin etmək rəhbərin işi olacaq. Günah qurbanını, taxıl təqdimini, yandırma qurbanını və ünsiyyət qurbanlarını rəhbər təmin edəcək ki, İsrail nəsli üçün kəffarə versin”.
18 Xudavənd Rəbb belə deyir: “Birinci ayın birinci günü qüsursuz bir buğa götürüb Müqəddəs məkanı pak et. 19 Kahin günah qurbanının qanından götürüb məbədin darvazasının yan taxtalarına, qurbangahın üst çıxıntısının dörd küncünə, içəri həyətin darvazasının yan taxtalarına sürtsün. 20 Səhvən yaxud bilmədən günah etmiş adam üçün də həmin ayın yeddinci günü eyni şeyi et. Beləcə məbədi pak edəcəksən.
21  * Çıx. 12:1-20; Say. 28:16-25 Birinci ayın on dördüncü günü Pasxa bayramını yeddi gün keçirin və mayasız çörək yeyin. 22 O gün rəhbər özü və bütün ölkə xalqı üçün günah qurbanı olaraq bir buğa hazırlasın. 23 Yeddi gün bayram ərzində hər gün Rəbbə yandırma qurbanı olaraq qüsursuz yeddi buğa ilə yeddi qoç, günah qurbanı olaraq bir təkə təmin etsin. 24 Taxıl təqdimi olaraq hər buğa və qoç üçün bir efa taxıl, hər efa üçün bir hin zeytun yağı təmin etsin.
25  * Lev. 23:33-36; Say. 29:12-38 Yeddinci ayın on beşinci günü başlayan və yeddi gün davam edən bayramda rəhbər günah qurbanlarını, yandırma qurbanlarını, taxıl təqdimlərini və zeytun yağını hər gün eyni miqdarda təmin etsin”.

*45:5 Orada yaşamaları üçün onlara məxsus şəhərlər olacaq – qədim yunan tərcüməsində belədir, ibrani mətnində isə orada mülk olaraq iyirmi otaq alacaqlar.

*45:10 Lev. 19:36

*45:21 Çıx. 12:1-20; Say. 28:16-25

*45:25 Lev. 23:33-36; Say. 29:12-38