5
Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. * Çıx. 29:18; Zəb. 40:6Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz. Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq.
Nurda gəzin
Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir. Buna görə də onların şəriki olmayın. Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün. Çünki nurun bəhrəsi* Nurun bəhrəsi – bəzi əlyazmalarda Ruhun səmərəsi (Qal. 5:22). hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür. 10 Rəbbi razı salan şeyləri ayırd edin, 11 qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. 12 Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır. 13 Nurun ifşa etdiyi hər şey aşkardır, 14 bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir:
«Ey yatan, oyan və ölülər arasından diril!
Məsih sənin üzərinə nur saçacaq».
15 Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. 16  * Kol. 4:5Hər fürsətdən istifadə edin, çünki günlər şərdir. 17 Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin. 18 Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. 19  * Kol. 3:16-17Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun. 20 Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
Evdə olan münasibətlər
21 Məsih qorxusu ilə bir-birinizə tabe olun.
22  * Kol. 3:18; 1Pet. 3:1-2Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun. 23 Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır. 24 Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar.
25  * Kol. 3:19; 1Pet. 3:7Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. 26 Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin 27 və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın. 28 Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. 29 Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar. 30 Axı biz Onun bədən üzvləriyik. Üzvləriyik – bəzi əlyazmalarda üzvləriyik, Onun ətindən, sümüklərindənik.
31  * Yar. 2:24«Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq».
32 Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm. 33 Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin.

*5:2 Çıx. 29:18; Zəb. 40:6

*5:9 Nurun bəhrəsi – bəzi əlyazmalarda Ruhun səmərəsi (Qal. 5:22).

*5:16 Kol. 4:5

*5:19 Kol. 3:16-17

*5:22 Kol. 3:18; 1Pet. 3:1-2

*5:25 Kol. 3:19; 1Pet. 3:7

5:30 Üzvləriyik – bəzi əlyazmalarda üzvləriyik, Onun ətindən, sümüklərindənik.

*5:31 Yar. 2:24