5
Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur. * Mat. 24:43; Luka 12:39; 2Pet. 3:10; Vəhy 16:15Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək. İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər. Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq. Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq. Çünki yatanlar gecə yatır, əyyaşlar da gecə vaxtı əyyaşlıq edir. * Yeş. 59:17; Ef. 6:13-17Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq. Çünki Allah bizi qəzəbə düçar olmaq üçün deyil, Rəbbimiz İsa Məsih vasitəsilə xilasa nail olmaq üçün təyin edib. 10 Məsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdə yaşayaq. 11 Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin.
Son öyüdlər və salamlar
12 Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin. 13 Etdikləri əmələ görə onlara hədsiz məhəbbətlə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın. 14 Qardaşlar, sizə yalvarırıq, avaralara nəsihət verin, cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun. 15 Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın.
16 Daima sevinin, 17 durmadan dua edin, 18 hər vəziyyətdə şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir. 19 Ruhu söndürməyin. 20 Peyğəmbərlik sözlərinə xor baxmayın. 21 Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun. 22 Hər cür şərdən uzaq durun.
23 Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun. 24 Sizi çağıran Allah sadiqdir və bunu edəcək.
25 Qardaşlar, bizim üçün dua edin. 26 Bütün bacı-qardaşları müqəddəs öpüşlə salamlayın. 27 Rəbb naminə sizə and verirəm ki, bu məktubu bütün bacı-qardaşlara* Bacı-qardaşlara – bəzi əlyazmalarda müqəddəslərə. oxuyun.
28 Rəbbimiz İsa Məsihin lütfü sizə yar olsun!

*5:2 Mat. 24:43; Luka 12:39; 2Pet. 3:10; Vəhy 16:15

*5:8 Yeş. 59:17; Ef. 6:13-17

*5:27 Bacı-qardaşlara – bəzi əlyazmalarda müqəddəslərə.