21
Davudun Şaulun yanından qaçması
1 * Mat. 12:3-4; Mark 2:25-26; Luka 6:3-4 Davud Nov şəhərinə – kahin Aximelekin yanına gəldi. Aximelek qorxudan əsərək Davudu qarşılayıb dedi: «Niyə tənhasan, məgər yanında heç kim yoxdur?» 2 Davud kahin Aximelekə dedi: «Padşah mənə iş buyurub dedi ki, səni nə üçün göndərdiyimi və sənə əmr etdiyim işi heç kim bilməsin. Ona görə də nökərləri müəyyən yerlərə təyin etmişəm. 3 İndi yanında yeməyə nə var? Mənə beş kömbə çörək yaxud nə varsa, ver». 4 Kahin Davuda dedi: «Yanımızda adi çörək yoxdur, ancaq gənclər qadınlarla yaxınlıq etməyiblərsə, müqəddəs çörək var». 5 Davud kahinə belə cavab verdi: «Adətə görə mənim adamlarım adi səfərə çıxanda belə, bədənlərini təmiz saxlayır və qadınlarla yaxınlıq etmirlər. O ki qaldı bugünkü səfərə, sözsüz ki hamı pak olmalıdır». 6 * Lev. 24:5-9 Kahin ona müqəddəs çörək verdi, çünki Rəbbə təqdim edilən çörəklərdən başqa, çörək yox idi. O çörəklər Rəbbin önündən götürülmüşdü ki, yerinə isti çörəklər qoyulsun.
7 O gün Şaulun əyanlarından bir nəfər orada idi. O, Rəbbin önündə olan dini mərasimə görə yubanmışdı. Bu, Şaulun baş çobanı Edomlu Doeq idi. 8 Davud Aximelekə dedi: «Burada yanınızda bir nizə yaxud bir qılınc varmı? Çünki padşah mənə təcili iş buyurduğu üçün nə qılıncımı, nə də silahlarımı götürə bildim». 9 * 1Şam. 17:51 Kahin dedi: «Ela vadisində öldürdüyün Filiştli Qolyatın qılıncı bezə bükülü olaraq orada – efodun arxasındadır. Əgər onu istəyirsənsə, götür, çünki burada ondan başqası yoxdur». Davud dedi: «Onun əvəzi yoxdur, mənə ver».
10 O gün Davud Şauldan qaçdı və Qat padşahı Akişin yanına getdi. 11 * 1Şam. 18:7; 29:5 Akişin əyanları ona dedilər: «Bu öz ölkəsinin padşahı Davud deyilmi? Rəqslərdə qadınlar bunu tərənnüm edib oxumurdularmı?
“Şaul qırdı minləri,
Davudsa on minləri”».
12 * Zəb. 56 başlıq; Zəb. 34 başlıq Davud bu sözləri ürəyinə salıb Qat padşahı Akişdən çox qorxdu. 13 Onların qarşısında görkəmini dəyişdirdi və yanlarında özünü dəli kimi göstərərək darvaza qapısının taylarını cırmaqladı və ağzının suyunu saqqalına axıtdı. 14 Akiş əyanlarına dedi: «Bax görürsünüz ki, bu adam dəlidir. Nə üçün onu mənim yanıma gətirmisiniz? 15 Mənim dəlilərim əskikdir ki, qarşımda dəlilik etmək üçün bunu da gətirdiniz? Heç belə adam da mənim evimə girərmi?»