62
Məzmur 62
Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru.
1 Susan qəlbim yalnız Allahı gözləyir,
Ondadır qurtuluşum.
2 Yalnız Odur qayam, qurtuluşum,
O mənim qalamdır, mən əsla sarsılmaram.
3 İnsan divar kimi əyiləndə,
Hasar kimi laxlayanda
Nə vaxtadək üstünə hücum edəcəksiniz?
Nə vaxtadək onu əzəcəksiniz?
4 Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq,
Çünki yalandan zövq alırsınız.
Diliniz xeyir-dua söyləsə də,
Qəlbiniz lənət yağdırır.
Sela
5 Ey qəlbim, sükutla Allahı gözlə,
Çünki ümidim Ondadır.
6 Qayam, qurtuluşum yalnız Odur,
O mənim qalamdır, mən sarsılmaram.
7 Qurtuluşum, şərəfim Allaha bağlıdır,
Allah möhkəm qayam və pənahımdır.
8 Ey xalq, hər zaman Ona arxalan,
Onun hüzurunda qəlbini açıb-boşalt,
Çünki Allah bizim pənahımızdır!
Sela
9 Bəşər övladları yalnız bir nəfəsdir –
İnsan övladları fanidir.
Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır,
Çəkisi bir nəfəsdən yüngül gəlir.
10 Heç zaman zorakılığınıza güvənməyin,
Talan malına boş yerə ümid bağlamayın,
Var-dövlətiniz artsa da, ona arxalanmayın.
11 Allah bir dəfə dedi,
Bunu iki dəfə eşitdim:
Qüdrət Allahındır,
12 * Əyy. 34:11; Yer. 17:10; Mat. 16:27; Rom. 2:6; 2Tim. 4:14; Vəhy 2:23 Ey Xudavənd, məhəbbət Sənindir!
Sən hər kəsə əməlinə görə əvəz verirsən!