47
Filiştlilər barədə vəhy
* Yeş. 14:29-31; Yez. 25:15-17; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7; Zək. 9:5-7 Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu:
«Rəbb belə deyir:
“Budur, şimaldan sular qalxır,
Onlar sel kimi daşacaq,
Ölkənin və oradakı hər şeyin,
Şəhərin və orada yaşayanların üstünə axacaq.
İnsanlar fəryad edəcək,
O ölkədə yaşayanların hamısı nalə çəkəcək.
Ayğırlarının yeri döyən dırnaqlarının səsindən,
Döyüş arabalarının vəlvələsindən,
Təkərlərinin gurultusundan
Əlləri taqətdən düşdüyü üçün
Atalar dönüb oğullarına baxmır.
Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir.
Sur və Sidona yardım edə bilən,
Sağ qalan hər kəs yox ediləcək.
Rəbb Kaftor sahilindən gələn * Kaftor – indiki Krit adası.
Filiştlilərin sağ qalanlarını həlak edəcək.
Qəzzə saçını yolacaq,
Aşqelon susdurulacaq.
Ey düzənliklərində sağ qalanlar,
Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız?
‹Ey Rəbbin qılıncı,
Nə vaxt sakitləşəcəksən?
Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz.
Rəbb əmr etdiyi halda
Qılınc necə susa bilər?
Rəbb onu oraya – Aşqelona,
Dəniz sahilinə qarşı göndərdi”».

*47:1 Yeş. 14:29-31; Yez. 25:15-17; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7; Zək. 9:5-7

*47:4 Kaftor – indiki Krit adası.