62
Məzmur 62
Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru.
Susan qəlbim yalnız Allahı gözləyir,
Ondadır qurtuluşum.
Yalnız Odur qayam, qurtuluşum,
O mənim qalamdır, mən əsla sarsılmaram.
 
İnsan divar kimi əyiləndə,
Hasar kimi laxlayanda
Nə vaxtadək üstünə hücum edəcəksiniz?
Nə vaxtadək onu əzəcəksiniz?
Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq,
Çünki yalandan zövq alırsınız.
Diliniz xeyir-dua söyləsə də,
Qəlbiniz lənət yağdırır.
Sela
 
Ey qəlbim, sükutla Allahı gözlə,
Çünki ümidim Ondadır.
Qayam, qurtuluşum yalnız Odur,
O mənim qalamdır, mən sarsılmaram.
Qurtuluşum, şərəfim Allaha bağlıdır,
Allah möhkəm qayam və pənahımdır.
 
Ey xalq, hər zaman Ona arxalan,
Onun hüzurunda qəlbini açıb-boşalt,
Çünki Allah bizim pənahımızdır!
Sela
 
Bəşər övladları yalnız bir nəfəsdir –
İnsan övladları fanidir.
Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır,
Çəkisi bir nəfəsdən yüngül gəlir.
10 Heç zaman zorakılığınıza güvənməyin,
Talan malına boş yerə ümid bağlamayın,
Var-dövlətiniz artsa da, ona arxalanmayın.
 
11 Allah bir dəfə dedi,
Bunu iki dəfə eşitdim:
Qüdrət Allahındır,
12  * Əyy. 34:11; Yer. 17:10; Mat. 16:27; Rom. 2:6; 2Tim. 4:14; Vəhy 2:23 Ey Xudavənd, məhəbbət Sənindir!
Sən hər kəsə əməlinə görə əvəz verirsən!

*62:12 Əyy. 34:11; Yer. 17:10; Mat. 16:27; Rom. 2:6; 2Tim. 4:14; Vəhy 2:23