35
Levililərə ayrılan şəhərlər
* Yeşua 21:1-42 İordan çayının yanında, Yerixo qarşısında olan Moav düzənliyində Rəbb Musaya dedi: «İsrail övladlarına əmr et ki, mülk etdikləri torpaqda yaşamaq üçün Levililərə şəhərlər versinlər. Sən şəhərlərin ətrafında Levililərə otlaqlar da ver. Beləliklə, Levililərin yaşamaq üçün şəhərləri və onların mal-qaraları, sürüləri və digər heyvanları üçün otlaqları olsun. Levililərə verəcəyiniz şəhərlərin ətrafındakı otlaqlar şəhər divarından min qulac uzanacaq. Şəhər ortada olaraq şəhərin bayırından şərq tərəfini iki min qulac, cənub tərəfini iki min qulac, qərb tərəfini iki min qulac və şimal tərəfini iki min qulac ölçün. Bu onlar üçün şəhər otlaqları olsun.
Levililərə verəcəyiniz şəhərlərdən altı sığınacaq şəhər olsun ki, kimisə öldürən oraya qaça bilsin. Bunlardan başqa qırx iki şəhər də verin. Levililərə verəcəyiniz şəhərlərin cəmi qırx səkkiz şəhər olsun. Onları otlaqları ilə birgə verin. Levililərə verəcəyiniz şəhərlər hər qəbiləyə düşən payın nisbətində alınsın, çox şəhəri olan qəbilədən çox şəhər, az şəhəri olan qəbilədən az şəhər alın».
Sığınacaq şəhərlər
(Qanun. 19:1-13; Yeşua 20:1-4)
Sonra Rəbb Musaya dedi: 10 «İsrail övladlarına de: “Siz İordan çayını keçib Kənan torpağına girəndə 11 sığınacaq şəhərlər olaraq bəzi şəhərlər seçin ki, bilmədən adam öldürən oraya qaçsın. 12 Qisas alandan sığınacaq şəhərləriniz bunlar olsun ki, adam öldürən şəxs icmanın önündə hökm alana qədər öldürülməsin. 13 Verəcəyiniz bu altı şəhər sizin üçün sığınacaq şəhərlər olsun. 14 İordan çayının o biri tayında üç şəhər və Kənan torpağında üç şəhər verin. Bunlar sığınacaq şəhərlər olsun. 15 Bu altı şəhər İsrail övladlarına, aralarında yaşayan yadellilərə və qəriblərə sığınacaq şəhərləri olacaq. Belə ki bilmədən birini öldürən hər kəs oraya qaça bilsin.
16 Əgər biri dəmir bir alətlə başqa birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir. 17 Əgər kimsə əlində insanın ölə biləcəyi bir daşla kimisə vurmuşsa və o adam ölmüşsə, onda o adam qatildir. Qatil öldürülməlidir. 18 Yaxud əlində adam öldürə bilən ağac bir alətlə birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir. 19 Tökülən qanın qisasını alan özü qatili öldürsün, onunla rastlaşdığı zaman öldürsün. 20 Əgər onu kinlə itələyib yaxud pusquda duraraq ona tərəf bir şey atıb öldürmüşsə 21 ya da ədavətə görə onu əli ilə vurub öldürmüşsə, vuran mütləq öldürülməlidir. O qatildir, tökülən qanın qisasını alan adam qatilə rast gəldiyi zaman onu öldürsün.
22 Ancaq ədavəti olmayaraq birini qəflətən itələmişsə yaxud pusquda durmadan ona bir şey atmışsa 23 və yaxud da onu görmədən üstünə adam öldürə bilən bir daş düşürüb öldürmüşsə, onda ölən şəxsi-qərəzlik olmadığından və ona ziyan vurmaq istəmədiyindən 24 adam öldürənlə tökülən qanın qisasını alan arasında bu hökmlərə görə icma hökm çıxaracaq. 25 İcma tökülən qanın qisasını alanın əlindən adam öldürəni qurtaracaq, qaçdığı sığınacaq şəhərə geri göndərəcək və o, müqəddəs yağla məsh olunmuş baş kahinin ölümünə qədər orada qalacaq. 26 Əgər adam öldürən qaçdığı sığınacaq şəhərin sərhədini keçərsə, 27 tökülən qanın qisasını alan adam öldürəni sığınacaq şəhərin sərhəd kənarında taparsa və onu öldürərsə, o qatil sayılmayacaq. 28 Çünki adam öldürən baş kahinin ölümünə qədər sığındığı şəhərdə qalmalı idi. Ancaq baş kahinin ölümündən sonra öz mülkü olan torpağına qayıda bilər.
29 Bunlar nəsildən-nəslə bütün yaşadığınız yerlərdə qanun və hökm olacaq.
30  * Qanun. 17:6; 19:15 Bir adam bir adamı öldürsə, şahidlərin ifadəsi ilə öldürülsün. Lakin heç bir qatil tək şahidin ifadəsi ilə öldürülməsin. 31 Ölüm cəzasına layiq qatilin canı üçün fidyə almayın, çünki o öldürülməlidir. 32 Sığınacaq şəhərinə qaçan üçün fidyə almayın ki, kahinin ölümündən əvvəl torpağında yaşamağa qayıtsın. 33 Beləcə olduğunuz ölkəni murdarlamayın. Çünki qan tökmək ölkəni murdar edər və ölkədə tökülən qanın əvəzi ancaq onu tökənin qanı ilə kəffarə oluna bilər. 34 Yaşadığınız, Mənim də olduğum ölkəni ləkələməyin. Çünki İsrail övladları arasında yaşayan Rəbb Mənəm”».

*35:1 Yeşua 21:1-42

*35:30 Qanun. 17:6; 19:15