34
Padşah Sidqiyaya müraciət
* 2Pad. 25:1-11; 2Saln. 36:17-21 Babil padşahı Navuxodonosor öz hakimiyyəti altındakı bütün padşahlıqlar və xalqlardan yığılan ordusu ilə birgə Yerusəlimə və ətrafındakı şəhərlərə qarşı döyüşən vaxt Rəbdən Yeremyaya bu söz nazil oldu: «İsrailin Allahı Rəbb deyir ki, get Yəhuda padşahı Sidqiya ilə danış, söylə ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm və o buraya od vuracaq. Sən Sidqiya onun əlindən qaçıb qurtulmayacaqsan, mütləq ələ keçib ona təslim ediləcəksən. Babil padşahını öz gözünlə görəcəksən, o səninlə üzbəüz danışacaq. Sonra Babilə aparılacaqsan”. Ancaq, ey Yəhuda padşahı Sidqiya, Rəbbin sözünə qulaq as. Rəbb sənin barəndə belə deyir: “Qılıncla öldürülməyəcəksən, əmin-amanlıqda öləcəksən. Səndən əvvəl padşah olan atalarının şərəfinə ətirli maddə yandırdıqları kimi sənin də şərəfinə ətirli maddə yandırıb ‹ah, ağamız› deyərək yas tutacaqlar. Çünki Mən Rəbb bunu söylədim”».
Yeremya peyğəmbər bütün bu sözləri Yerusəlimdə Yəhuda padşahı Sidqiyaya söylədi. Həmin vaxt Babil padşahının ordusu Yerusəlimə və Yəhudanın hələ ələ keçirilməmiş şəhərləri olan Lakişə və Azeqaya hücum edirdi. Yəhudanın qalalı şəhərlərindən yalnız bunlar qalmışdı.
Qullara azadlıq
Padşah Sidqiya Yerusəlimdəki xalqla əhd kəsərək qulların azadlığını elan etdikdən sonra Rəbdən Yeremyaya söz nazil oldu. Bu əhdə görə hər kəs İbrani xalqından olan kişi və qadın qullarını azad etməli, Yəhudi soydaşını yanında qul kimi saxlamamalı idi. 10 Bir-birləri ilə belə əhd bağlayan bütün başçılar və xalq buna qulaq asıb öz kişi və qadın qullarını azad etdilər, bir daha heç kəsi özlərinə qul etməyəcəklərinə söz verdilər, qulaq asıb qullarını azad etdilər. 11 Amma sonra fikirlərini dəyişib azad etdikləri kişi və qadın qulları yenə özlərinə qul etdilər.
12 Bundan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu: 13 «İsrail Allahı Rəbb belə deyir: “Mən atalarınızı Misir torpağından – köləlik diyarından çıxardığım gün onlarla əhd bağlayıb dedim: 14  * Çıx. 21:2; Qanun. 15:12 ‹Sizə satılıb altı il qulluq edən İbrani soydaşlarınızı yeddinci il azad edib sərbəst buraxın›. Ancaq atalarınız Məni eşidib qulaq asmadı. 15 İndi isə siz tövbə edib gözümdə doğru olanı etdiniz. Hamınız soydaşlarınızın azadlığını elan etdiniz. Mənim önümdə, Mənim adımla çağırılan məbəddə bu barədə əhd bağladınız. 16 Amma sonra fikrinizi dəyişib adıma hörmətsizlik etdiniz. İstəklərinə görə azad etdiyiniz kişi və qadın qullarınızı təzədən zorla qul etdiniz”.
17 Buna görə də Rəbb belə deyir: “Qul olan soydaşlarınızı – öz həmvətənlərinizi azad etməyərək Mənə qulaq asmadınız. İndi Mən də sizə azadlıq – qılınc, vəba və aclıqdan məhv olmanız üçün azadlıq elan edəcəyəm. Sizi yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. 18 Əhdimi pozan, önümdə bağladığım əhdin şərtlərinə əməl etməyən bu adamları iki yerə bölüb parçaları arasından keçdikləri dana kimi edəcəyəm. 19 Dana parçalarının arasından keçmiş Yəhuda və Yerusəlim başçılarını, saray əyanlarını, kahinləri və bütün ölkə xalqını 20 öz düşmənlərinə – canlarını almaq istəyənlərə təslim edəcəyəm. Cəsədləri göydəki quşlara və yerdəki heyvanlara yem olacaq. 21 Yəhuda padşahı Sidqiyanı və onun başçılarını canlarını almaq istəyən düşmənlərinə – Babil padşahının üzərinizdən çəkilən ordusuna təslim edəcəyəm”. 22 Rəbb bəyan edir: “Mən əmr edib Babilliləri bu şəhərə tərəf geri qaytaracağam. Onlar hücum edib şəhəri ələ keçirəcək, ona od vuracaq. Yəhuda şəhərlərini heç kəsin yaşamadığı bir viranəliyə çevirəcəyəm”».

*34:1 2Pad. 25:1-11; 2Saln. 36:17-21

*34:14 Çıx. 21:2; Qanun. 15:12