15
Şimşonun Filiştlilərdən qisas alması
1 Bir müddət keçəndən sonra, buğda biçini mövsümündə Şimşon bir oğlaq götürüb arvadına baş çəkməyə getdi və dedi: «Arvadımın yanına – gərdəyə girmək istəyirəm». Lakin qadının atası Şimşonu gərdəyə girməyə qoymadı. 2 Qızın atası dedi: «Elə bildim ki, sənin ondan, həqiqətən, zəhlən gedir, ona görə də arvadını sənin sağdışına ərə verdim. Bax onun kiçik bacısı var. O ondan da gözəl deyilmi? Rica edirəm, qoy onun yerinə bu sənin olsun». 3 Şimşon onlara dedi: «Bu dəfə Filiştlilərə pislik etsəm, heç təqsirkar olmaram». 4 Şimşon gedib üç yüz tülkü tutdu və məşəllər götürdü. Tülküləri cüt-cüt quyruq-quyruğa bağladı və quyruqların arasına bir məşəl qoydu. 5 Məşəlləri yandırıb tülküləri Filiştlilərin əkinlərinə buraxdı və bununla da taxıl dərzlərinə, əkinlərə, üzümlüklərə, zeytunluqlara od vurdu.
6 Filiştlilər bir-birindən soruşdular: «Görəsən bunu kim edib?» Kimsə dedi ki, bunu Timnalının kürəkəni Şimşon edib, çünki qayınatası götürüb onun arvadını sağdışına ərə verib. Filiştlilər çıxıb o qadınla atasına od vurub yandırdılar. 7 Şimşon onlara dedi: «İndi ki siz belə etdiniz, mütləq sizdən qisasımı almamış əl çəkməyəcəyəm». 8 Şimşon onlara amansızcasına hücum edərək çoxunun belini qırdı. Özü isə Etam qayasının oyuğuna enib orada qaldı.
9 Filiştlilər çıxıb Yəhudada ordugah qurdular və Lexidə yayıldılar. 10 Yəhuda adamları dedi: «Nə üçün bizə qarşı çıxmısınız?» Onlar dedilər: «Biz gəlmişik ki, Şimşonun əl-qolunu bağlayaq və bizim başımıza gətirdiyini onun başına gətirək». 11 Yəhudadan üç min nəfər Etam qayasının oyuğuna enib Şimşona dedi: «Bilmirsən Filiştlilər bizim üzərimizdə hakimdir? Bu nə işdir başımıza gətirdin?» Şimşon onlara dedi: «Onların mənə elədiklərini onların başına gətirmişəm». 12 Yəhudalılar ona dedi: «Biz sənin əl-qolunu bağlayıb Filiştlilərə təslim etməyə gəlmişik». Şimşon onlara dedi: «And için ki, məni öldürməyəcəksiniz». 13 Yəhudalılar söz verdilər: «Yox, biz ancaq səni möhkəm bağlayıb onlara təslim edəcəyik və səni əsla öldürmərik». Sonra onu iki təzə iplə sarıdılar və qayadan çıxartdılar.
14 Şimşon Lexiyə gələndə Filiştlilər onu bağıra-bağıra qarşıladılar və elə o anda Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi. Qollarına bağlanan ip alışıb-yanan kətan kimi qırılıb yerə töküldü. 15 O, yerdə bir eşşəyin saf çənə sümüyünü tapdı. Əl ataraq sümüyü götürüb onunla min nəfər kişini qırdı. 16 Sonra Şimşon belə dedi:
«Eşşəyin çənə sümüyü ilə bir-iki qalaq yaratdım.
Eşşəyin çənə sümüyü ilə min nəfəri qırıb-çatdım».
17 Şimşon bu sözləri söyləyib qurtarandan sonra eşşəyin çənə sümüyünü tulladı. Ona görə də o yerə Ramat-Lexi * Ramat-Lexi – ibrani dilində çənə sümüyü təpəsi. deyilir.
18 Bundan sonra Şimşon bərk susadı və Rəbbə fəryad edib dedi: «Sən quluna bu böyük qələbəni verdin, amma indi mən susuzluqdan ölüb sünnətsizlərin əlinə düşümmü?» 19 Onda Rəbb Lexidə çuxur yarıb su axıtdı. Şimşon su içəndə cana gəlib ruhlandı. Buna görə bu çeşmənin adı En-Haqqore † En-Haqqore – ibrani dilində fəryad edənin çeşməsi. qoyuldu və bu bulaq bu günə qədər Lexidədir. 20 Filiştlilərin hökmranlığı dövründə Şimşon İsraildə iyirmi il hakimlik etdi.