37
Quru sümüklə müqayisə
Rəbbin əli üzərimdə idi. Rəbb Öz Ruhu ilə məni bayıra çıxarıb vadinin ortasına qoydu. Vadi sümüklərlə dolu idi. O məni onların üstündə gəzdirib hər tərəfə apardı. Gördüm ki, vadinin üstündə saysız-hesabsız sümük var. Onlar bərk qurumuşdu. Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər dirilə bilərmi?» Mən cavab verdim: «Ey Xudavənd Rəbb, bunu Sən bilirsən». O mənə dedi: «Bu sümüklər üçün peyğəmbərlik edib onlara söylə ki, ey quru sümüklər, Rəbbin sözünü eşidin. Xudavənd Rəbb bu sümüklərə belə deyir: “Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Üstünüzə vətərlər qoyacaq, ət bitirəcək, sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».
Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Mən peyğəmbərlik edərkən bir gurultu qopdu, bir taqqıltı eşidildi. Sümüklər yaxınlaşdı, sümük sümüyə bitişdi. Mən baxıb gördüm ki, onların üstünə vətərlər gəldi, ət bitdi, bunları isə dəri örtdü. Ancaq onlarda nəfəs yox idi. Rəbb mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün peyğəmbərlik et, peyğəmbərlik edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər”». 10  * Vəhy 11:11 Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Nəfəs onların daxilinə girdi və onlar dirilib ayaq üstə qalxdı. Çox böyük bir kütlə yarandı.
11 Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər bütün İsrail nəslinin rəmzidir. Onlar belə deyir: “Sümüklərimiz qurudu, ümidimiz yox oldu, işimiz bitdi”. 12 Buna görə də peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb sizi oradan çıxaracaq və İsrail torpağına gətirəcəyəm. 13 Ey xalqım, Mən qəbirlərinizi açanda, sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm. 14 Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz torpağınıza yerləşdirəcəyəm. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə bəyan edir».
Yəhuda və İsrailin birləşməsi
15 Mənə Rəbbin bu sözü nazil oldu: 16 «Sən ey bəşər oğlu, əlinə bir əsa götür və onun üstünə “Yəhuda və müttəfiqləri olan İsrail övladları” sözlərini yaz. Sonra başqa bir əsa götür və onun üstünə “Yusif və müttəfiqləri olan bütün İsrail nəsli” sözlərini yaz. Bu, Efrayimin əsasıdır. 17 Bu əsaları bir-birinin üstünə qoyaraq öz əlində birləşdir. Elə et ki, əlində bir əsa olsun. 18 Əgər sənin xalqına mənsub olanlar “Etdiklərinin mənası nədir, bizə bildirməzsən?” deyə soruşsa, 19 onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Efrayimin əlindəki əsanı – Yusif və onun müttəfiqləri olan İsrail qəbilələrinin əsasını götürərək Yəhudanın əsası ilə birləşdirib bir əsa edəcəyəm. Onlar əlimdə bir olacaq. 20 Üstünə yazı yazdığın əsaları onların görə biləcəyi şəkildə əlində tut. 21 Sonra onlara söylə ki, Xudavənd Rəbb belə deyir: İsrail övladlarını yanlarına getdikləri millətlərin arasından götürəcək, onları hər yerdən toplayıb öz torpaqlarına qaytaracağam. 22 Onları ölkədə, İsrail dağları üzərində vahid bir millət edəcəyəm. Hamısının vahid padşahı olacaq. Daha iki ayrı millət olmayacaq, iki padşahlığa bölünməyəcəklər. 23 Artıq bütləri, iyrənc şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam.
24  * Yez. 34:24 Qulum Davud onların padşahı olacaq, onların hamısına vahid çoban olacaq. Onlar Mənim hökmlərimə görə rəftar edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcək. 25 Qulum Yaquba verdiyim, atalarının yaşadıqları ölkədə yaşayacaqlar, özləri, oğulları və nəvələri əbədi olaraq orada yaşayacaq. Qulum Davud da əbədi olaraq onların rəhbəri olacaq. 26 Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq. Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs məkanımı əbədi olaraq onların arasında quracağam. 27  * Lev. 26:11-12; 2Kor. 6:16; Vəhy 21:3 Mənim məskənim onların arasında olacaq. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq. 28 Müqəddəs məkanım əbədi olaraq onların arasında yerləşəndə millətlər biləcək ki, İsraili təqdis edən Mən Rəbbəm”».

*37:10 Vəhy 11:11

*37:24 Yez. 34:24

*37:27 Lev. 26:11-12; 2Kor. 6:16; Vəhy 21:3