2
Esterin mələkə seçilməsi
1 Bir müddət keçəndən sonra padşah Axaşveroşun qəzəbi soyudu. O, Vaştini, onun etdiyi işi və əleyhinə verdiyi qərarını xatırladı. 2 Padşahın qulluğunda dayanan xidmətçiləri dedi: «Qoy padşah üçün bakirə, gənc və gözəl qızlar axtarılsın. 3 Padşah öz ölkəsinin bütün vilayətlərinə müşahidəçilər təyin etsin. Qoy gözəl surətli qızların hamısı Şuşan qalasına, qalasındakı hərəmxanaya toplanaraq padşahın hərəmağası Heqaya təhvil verilsin və təravətləndirici ləvazimatla təmin olunsun. 4 Padşahın xoşuna gələn qız Vaştinin yerinə mələkə olsun». Bu fikir padşahın gözündə xoş göründü və ona əməl etdi.
5 Şuşan qalasında Mordokay * Fərz edilir ki, Mordokay padşah Şaulun nəslindən idi. adlı bir Yəhudi var idi. O, Binyamin qəbiləsindən olub Qiş oğlu Şimey oğlu Yairin oğlu idi. 6 * 2Pad. 24:10-16; 2Saln. 36:10 Yəhuda padşahı Yekonya əsir alınanda Qiş də Yerusəlimin sakinləri ilə bərabər əsir aparılmışdı. Onları əsir aparan Babil padşahı Navuxodonosor idi. 7 Mordokayın əmisi qızı Hadassanın, yəni Esterin ata-anası yox idi. Bu qızı Mordokay böyütmüşdü. Ester gözəl qamətli, qəşəng surətli idi. Ata-anası ölən gündən Mordokay onu qızlığa götürmüşdü.
8 Padşahın əmri və fərmanı oxunanda Şuşan qalasına Heqayın nəzarəti altına xeyli qız toplandı. O zaman Ester də padşah sarayında hərəmağası olan Heqayın nəzarəti altına düşdü. 9 Bu qız Heqayın xoşuna gələrək hüsn-rəğbətini qazandı. Heqay dərhal onu təravətləndirmək üçün lazımi vəsait və xüsusi yeməklərlə təmin etdi. Esterə padşah sarayından münasib görülən yeddi qız təyin edərək onunla xidmətçi qızlarını hərəmxananın ən yaxşı yerinə apartdırdı. 10 Ester öz milliyyəti və nəsli barədə heç kimə bir söz deməmişdi, çünki Mordokay ona tapşırmışdı ki, bunu heç kimə bildirməsin. 11 Esterin nə vəziyyətdə olduğunu və ona nə ediləcəyini öyrənmək üçün Mordokay hər gün hərəmxananın həyəti qarşısında vurnuxurdu.
12 On iki ay hər qıza gözəlləşdirici vasitələr çəkəndən sonra onları növbə ilə padşah Axaşveroşun yanına gətirirdilər. Gözəlləşdirmək üçün qulluq müddəti bundan ibarətdir ki, onlara altı ay mirra yağı, altı ay isə ətirlər və təravətləndirici vasitələr çəkirdilər. 13 Qız padşahın yanına gətiriləndə hərəmxanadan istədiyi hər şeyi götürüb padşahın sarayına aparardı. 14 O, axşamüstü padşahın yanına gedər, səhər açılanda isə ikinci hərəmxanaya, cariyələrin hərəmağası Şaaşqazın nəzarəti altına göndərilərdi. Yalnız padşahın bəyəndiyi və adı ilə çağırdığı qız bir daha onun yanına gələ bilərdi. 15 Padşahın yanına gəlmək üçün növbə Mordokayın qızlığa götürdüyü əmisi Avixayilin qızı Esterə çatanda o, hərəmə məsul olan padşahın hərəmağası Heqayın məsləhət gördüyündən başqa heç nə istəmədi. Ester ona baxanların hamısının gözündə lütf tapdı.
16 Padşah Axaşveroşun hökmranlığının yeddinci ilinin onuncu ayında – Tevet ayında Ester padşah sarayına aparıldı. 17 Padşah Esteri digər qadınlardan çox bəyəndi. O, padşahın hüzurunda lütf və hüsn-rəğbət qazandı. Padşah Esterin başına mələkəlik tacını qoyaraq Vaştinin yerinə mələkə etdi. 18 Sonra isə Esterin şərəfinə böyük bir ziyafət qurdu. Bu ziyafətə padşahın bütün rəisləri və əyanları dəvət olunmuşdu. Padşah bütün vilayətlərdə bayram elan etdi və öz səxavətinə görə hədiyyələr verdi.
Mordokay padşahın həyatını qurtarır
19 Qızlar ikinci dəfə toplananda Mordokay saray darvazasında vəzifə başında idi. 20 Ester isə Mordokayın əmr etdiyi kimi öz nəslini və milliyyətini məlum etməmişdi. O, Mordokayın tərbiyəsi altında olan vaxtlarda olduğu kimi onun əmrlərinə əməl edirdi.
21 Mordokay padşahın saray darvazasında vəzifə başında olanda saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşaha qəzəblənmişdi və ona sui-qəsd etmək istəyirdi. 22 Bu işdən xəbər tutan Mordokay bunu mələkə Esterə bildirdi. Ester də Mordokayın adından bunu padşaha xəbər verdi. 23 Yoxlama zamanı bu məlumatın həqiqət olduğu üzə çıxarıldı və hər ikisi dar ağacından asıldı. Bu hadisə padşahın hüzurunda salnamələr kitabına yazıldı.