10
Danielə mələyin görünməsi
1 Fars padşahı Kirin hökmranlığının üçüncü ilində Belteşassar adlanan Danielə bir vəhy gəldi. Bu vəhy həqiqi idi, amma anlaşılması çox çətin oldu. Görüntü ilə izah ediləndə o bu vəhyi dərk etdi.
2 O günlər mən Daniel üç həftə yas tutdum. 3 Üç həftə bitənə qədər mən dadlı yemək yemədim, ət və şərab dilimə dəymədi və heç bir ətirli yağ sürtmədim.
4 Birinci ayın iyirmi dördüncü günü mən böyük Dəclə çayının kənarında idim. 5 * Vəhy 1:12-15; 2:18; 19:12 Başımı qaldırıb gördüm ki, qarşımda kətan paltar geyinmiş, beli xalis qızılla qurşanan bir nəfər var. 6 Onun bədəni sarı yaqut kimi, üzü şimşəyə bənzər, gözləri yanar məşəllər tək, qolları və ayaqları cilalanmış tunc kimi işıldayırdı, danışıq səsi kütlənin gurultusu kimi idi.
7 Yalnız mən Daniel bu görüntünü gördüm, mənimlə birgə olan adamlar isə bunu görmədi. Ancaq onların arasına elə vəlvələ düşdü ki, gizlənmək üçün qaçdılar. 8 Mən tək qaldım. Bu böyük görüntünü görəndə məndə qüvvət qalmadı, üzümün siması dəyişdi və taqətdən düşdüm. 9 Mən onun danışıq səsini eşitdim. Danışıq səsini eşidəndə dərin yuxuya getdim və üzüstə düşüb torpağa uzandım.
10 Bu vaxt mənə bir əl toxundu və məni əllərimlə dizlərimin üstünə qoydu. 11 O mənə dedi: «Ey Allahın sevimlisi olan Daniel! Sənə dediyim sözləri dərk et və ayağa qalx, çünki indi sənin yanına göndərilmişəm». O bu sözləri deyəndə mən titrəyərək ayağa qalxdım. 12 O mənə dedi: «Qorxma, Daniel! Dərrakə qazanmağa meyl edib, Allahın önündə özünü aşağı tutmağı qərara aldığın üçün ilk gündən sözlərin eşidildi və mən sənin sözlərinə görə gəldim. 13 * Vəhy 12:7 Lakin Fars ölkəsinin hamisi olan mələk iyirmi bir gün mənə qarşı dayandı. O zaman baş mələklərdən biri olan Mikael köməyimə gəldi, çünki mən orada Fars ölkəsinin hamisi olan mələklə birgə qalmışdım. 14 İndi gəldim ki, gələcəkdə xalqının başına nə gələcəyini sənə başa salım, çünki bu görüntü gələcək dövrə aiddir».
15 O belə sözlər söyləyərkən mən üzüstə yerə yıxılıb dinməz qaldım. 16 Bu vaxt bəşər övladına bənzəyən bir nəfər dodaqlarıma toxundu. Mən ağzımı açıb danışmağa başladım və qarşımda durana dedim: «Ağam, bu görüntüyə görə əzaba qərq oldum və taqətim qalmadı. 17 Mən qulun ağamla necə danışa bilərəm? Çünki mənim gücüm tükəndi və canımda nəfəs qalmadı».
18 Onda insan simasında olan həmin şəxs yenə mənə toxunub güc verdi. 19 O dedi: «Ey Allahın sevimlisi, qorxma, sənə sülh olsun, möhkəm ol, möhkəm ol!» O mənimlə danışanda mən qüvvət tapıb dedim: «Ey ağam, danış, çünki sən mənə güc verdin». 20 O dedi: «Bilirsənmi mən niyə sənin yanına gəlmişəm? İndi mən Fars hamisi olan mələklə mübarizə etməyə qayıdıram. Mən gəlincə Yunan hamisi olan mələk gələcək. 21 Ancaq əvvəlcə mən həqiqət Kitabında yazılmış şeyləri sənə bildirəcəyəm. Onlara qarşı mübarizədə başçınız Mikaeldən başqa mənə köməkçi olan heç kəs yoxdur.