14
Teqoalı qadın
Seruya oğlu Yoav başa düşdü ki, padşah Avşalomun həsrətini çəkir. Yoav Teqoaya adam göndərib oradan müdrik bir qadın gətirtdi və ona dedi: «Rica edirəm, özünü yaslı adam kimi göstər. Yas paltarı geyin, başına zeytun yağı sürtmə, özünü çoxdan bəridir ki, ölən üçün yas tutan bir qadına bənzət. Padşahın yanına gedib ona belə söyləyərsən». Yoav qadına nə demək lazım olduğunu öyrətdi.
Teqoalı qadın padşahın hüzurunda üzüstə yerə döşəndi və ona müraciət edib belə dedi: «Kömək et, ey padşah!» Padşah da ona dedi: «Dərdin nədir?» Qadın dedi: «Həqiqətən, mən dul bir qadınam, ərim ölüb. Kənizinin iki oğlu var idi. Bir gün onların ikisi də çöldə bir-biri ilə dalaşdı. Orada onları ayıran heç kim yox idi və biri o birini vurub öldürdü. Bax bütün nəsil mənə – kənizinə qarşı çıxdı və “qardaş qatilini bizə ver, öldürdüyü qardaşının canının əvəzinə onu öldürək, qoy mirasa varis olan qardaş da həlak olsun” dedilər. Onlar ocağımın qalan közünü də söndürəcəklər və ərimin yer üzündə nə adı, nə də yadigarı qalacaq».
Padşah qadına dedi: «Evinə qayıt. Mən sənin haqqında əmr verərəm». Teqoalı qadın padşaha dedi: «Ağam padşah, günahın qoy mənim və atamın nəsli üzərinə düşsün! Qoy padşahla taxtı günahsız qalsın!» 10 Padşah dedi: «Kim sənə bir söz desə, onu mənim yanıma gətir, heç kim sənə toxuna bilməz». 11 Qadın dedi: «Rica edirəm, padşah Allahı Rəbbi xatırlasın ki, qan qisasını alaraq qırğını davam etdirməsin, yoxsa onlar mənim oğlumu həlak edəcək». Davud dedi: «Var olan Rəbb haqqı, oğlunun başından bir tük belə, əskik olmayacaq».
12 Qadın dedi: «Rica edirəm, izin ver, kənizin ağam padşaha bir söz söyləsin». O «söylə» dedi. 13 Qadın dedi: «Əgər belə olarsa, nə üçün Allahın xalqına qarşı bu cür iş gördün? Çünki padşahın bu sözü onun özünü də mühakimə edir. Ona görə ki sürgün etdiyi adamı qaytarıb geri gətirtmir. 14 Axı hamımız öləcəyik, yerə dağılan və yenidən bir yerə yığılmayan su kimiyik. Allah da canı insandan çəkib almaz, lakin bir çarə düşünər ki, sürgündə olan adam Özündən uzaq düşməsin. 15 İndi ağam padşaha bu sözü söyləmək üçün gəlməyimin səbəbi budur ki, xalq məni qorxutdu və bu kənizin dedi: “Qoy indi gedib bunu padşaha söyləyim, bəlkə padşah kənizinin xahişini yerinə yetirər. 16 Ona görə ki padşah bu kənizini eşidəcək və oğlunu Allahın irs olaraq verdiyi torpaqdan qoparıb atmaq istəyənin əlindən qurtaracaq”. 17 Ona görə kənizin belə düşündü. Rica edirəm, ağam padşah, sözünlə mənə təskinlik ver, çünki yaxşını-pisi başa düşməkdə Allahın mələyi necədirsə, ağam padşah da elədir. Qoy Allahın Rəbb sənə yar olsun!»
18 Bu sözdən sonra padşah qadına belə dedi: «Səndən bir şey soruşacağam, cavabını məndən gizlətmə». Qadın dedi: «Ağam padşah, söylə, rica edirəm». 19 Padşah dedi: «Sənin bu işlərinin hamısında Yoavın da əli varmı?» Qadın cavab verdi: «Ağam padşah sağ olsun, padşahın sözündən heç kim nə sağa, nə də sola dönə bilməz. Qulun Yoav mənə əmr etdi və bu sözlərin hamısını kənizinə o öyrətdi. 20 Qulun Yoav bunu işin istiqamətini dəyişmək üçün etdi. Ağam Allahın mələyi qədər müdrikdir, ölkədə olub-keçən hər şeyi bilir».
Avşalomun Yerusəlimə qaytarılması
21 Padşah Yoava dedi: «Yaxşı, bu işi görərəm. Get, o cavanı – Avşalomu geri qaytar». 22 Yoav üzüstə düşüb yerə döşəndi və padşahı alqışladı. Sonra Yoav dedi: «Ağam padşah, bu gün sənin gözündə lütf tapdığını bu qulun bilir, çünki padşah qulunun ricasına əməl etdi». 23 Yoav durub Geşura gedib Avşalomu Yerusəlimə gətirdi. 24 Lakin padşah dedi: «Qoy o öz evinə qayıtsın, mənim gözümə görünməsin». Avşalom evinə qayıtdı və padşahın gözünə görünmədi.
25 Bütün İsraildə Avşalom qədər gözəlliyi mədh olunan heç kim yox idi. Təpədən dırnağa qədər onda bir eyib yox idi. 26 Hər ilin sonunda saçı ona ağırlıq etdiyi üçün kəsərdi, başından saçını kəsəndə saçı padşah tərəzisi ilə iki yüz şekel * Padşah tərəzisi ilə iki yüz şekel – təqribən 2,5 kq. gələrdi. 27 Avşalomun üç oğlu və Tamar adında bir qızı vardı. Tamar çox gözəl bir qadın olmuşdu.
28 Avşalom tam iki il Yerusəlimdə qaldı və padşahın gözünə görünmədi. 29 O, Yoavı padşahın yanına göndərmək üçün onun yanına adam göndərdi, amma Yoav onun yanına gəlmək istəmədi. Avşalom ikinci dəfə Yoavın yanına adam göndərdi və o yenə də gəlmək istəmədi. 30 Sonra Avşalom qullarına dedi: «Baxın Yoavın tarlası mənimkinə bitişikdir və orada onun arpası var. Gedib ora od vurun». Avşalomun qulları gedib tarlaya od vurdular. 31 Yoav durub Avşalomun evinə gəlib dedi: «Niyə sənin qulların gəlib mənim tarlama od vurdular?» 32 Avşalom Yoava dedi: «Bax sənin yanına adam göndərdim, dedim ki, buraya gələsən. “Söylə, mən Geşurdan buraya nə üçün gəlmişəm? Orada qalsaydım, mənim üçün bundan daha yaxşı olardı” deyərək səni padşahın yanına göndərmək istəyirdim. İndi gedib padşahın gözünə görünüm, günahım varsa, qoy məni öldürsün». 33 Yoav da padşahın yanına gəlib bunu ona bildirdi və padşah Avşalomu çağırdı. Avşalom padşahın yanına gedib onun qarşısında üzüstə yerə təzim etdi və padşah onu öpdü.

*14:26 Padşah tərəzisi ilə iki yüz şekel – təqribən 2,5 kq.