27
Yəhuda padşahı Yotam
(2Pad. 15:32-38)
1 Yotam padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoqun qızı Yeruşa idi. 2 Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, ancaq Rəbbin məbədinin böyük otağına girmədi. Xalq hələ də pozğunluq edirdi.
3 O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi, Ofel divarında çoxlu tikinti işi gördü. 4 Yəhudanın dağlıq bölgəsində şəhərlər, meşələrdə qalalar və qüllələr tikdi. 5 Yotam Ammonlular padşahına qarşı vuruşdu və onları məğlub etdi. Ammonlular ona o il yüz talant gümüş və on min kor * Kor – cədvələ bax. buğda, on min kor arpa verdi. İkinci və üçüncü il də Ammonlular ona bu qədər ödədi. 6 Yotam qüvvətləndi, çünki Allahı Rəbbin önündə öz yollarını düzəltmişdi.
7 Yotamın qalan işləri, bütün döyüşləri və əməlləri barədə İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. 8 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. 9 Yotam ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Axaz padşah oldu.