4
1 * Çıx. 27:1-2 Süleyman tuncdan bir qurbangah tikdi. Onun uzunluğu və eni iyirmi qulac, hündürlüyü isə on qulac idi. 2 O, tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi, bir kənarından digər kənarına qədər on qulac idi və otuz qulaclıq bir ip onun ətrafına dolanmışdı. 3 Altının hər tərəfindən onu buğa təsvirləri əhatə edirdi. Hər qulacda on buğa vardı. Buğalar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü. 4 Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi. 5 Hovuzun qalınlığı bir ovuc idi. Onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, üç min bat su tuturdu. 6 * Çıx. 30:17-21 Süleyman on ləyən düzəltdi, onlarda yuyunmaq üçün beşini sağa, beşini sola qoydu. Yandırma qurbanı olacaq şeyləri onların içində yuyardılar. Ancaq hovuz kahinlərin yuyunması üçün idi.
7 * Çıx. 25:31-40 O, təsvirinə görə on qızıl çıraqdan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. 8 * Çıx. 25:23-30 On masa düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. Qızıldan yüz piyalə də düzəltdi. 9 Kahinlər həyətini, böyük həyəti, həyətin qapılarını düzəltdi və onların qapılarını tuncla örtdü. 10 Hovuzu məbədin sağında, cənub-şərq küncündə yerləşdirdi. 11 Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi.
Xiram Allahın məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:
12 iki sütun;
sütunların üstündə iki dəyirmi başlıq;
sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;
13 sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;
14 dayaqlar;
dayaqların üzərində on ləyən;
15 bir hovuz;
onun altında on iki tökmə buğa;
16 qazanlar, kürəklər və piyalələr.
Bütün bu əşyaları Xiram-Avi Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü. 17 Padşah bunları İordan çayının kənarındakı düzənlikdə, Sukkot ilə Seredata arasındakı gil torpaqlarda tökmüşdü. 18 Süleyman bu əşyaların hamısından lap çox düzəltdi və onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.
19 Süleyman Allahın məbədindəki bütün əşyaları düzəltdi:
qızıl qurbangah;
təqdis çörəkləri qoyulan masalar;
20 qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları;
21 xalis qızıldan güllər, çıraqlar və maşalar;
22 xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar;
məbədin qızıl qapıları, yəni Ən Müqəddəs yerə açılan içəri qapı tayları və məbədin böyük otağının qapı tayları.