9
Rəbbin yenə Süleymana görünməsi
(2Saln. 7:11-22)
1 Süleyman Rəbbin məbədini, padşah sarayını və tikmək istədiyi bütün şeyləri tamamlayıb qurtarandan sonra 2 * 1Pad. 3:5; 2Saln. 1:7 Rəbb Giveonda göründüyü kimi ikinci dəfə ona göründü. 3 Rəbb Süleymana dedi: «Mən önümdə etdiyin dua və yalvarışını eşitdim. Adımı əbədilik oraya qoymaq üçün tikdiyin bu məbədi təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq. 4 Əgər Mənim sənə əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi ürək bütövlüyü və düzlüklə yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən, 5 * 1Pad. 2:4 sənin padşahlıq taxtını İsrail üzərində əbədi ucaldacağam. Bunu atan Davuda “İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq” deyə vəd etmişdim. 6 Ancaq siz və övladlarınız ardımca getməkdən dönüb qarşınıza qoyduğum əmrlərimə və qaydalarıma əməl etməsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz, 7 Mən İsrailliləri onlara verdiyim torpaqdan silib atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söyləniləcək. 8 Bu məbədin qalaqları elə uca olacaq ki, yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?” 9 Onlara deyəcəklər: “Ona görə ki bu xalq atalarını Misir torpağından çıxaran özlərinin Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdi. Buna görə də Rəbb bütün bu bəlanı onların üzərinə göndərdi”».
Süleymanın Xiramla müqavilə bağlaması
(2Saln. 8:1-2)
10 Süleyman iki evi – Rəbbin məbədini və padşah sarayını iyirmi ilə tikib qurtardıqdan sonra 11 Sur padşahı Xirama Qalileya diyarında iyirmi şəhər verdi, çünki Xiram Süleymana onun arzusuna görə sidr, şam ağacları və qızıl göndərmişdi. 12 Xiram Surdan çıxdı ki, Süleymanın ona verdiyi şəhərlərə baxsın. Onlar Xiramın xoşuna gəlmədi. 13 O dedi: «Qardaşım, bu nə şəhərlərdir, mənə vermisən?» Onları Kavul * Kavul – ibrani dilində heç nə. torpağı adlandırdı və bu günə qədər onlar belə adlanır. 14 Xiram padşaha yüz iyirmi talant qızıl göndərdi.
Süleymanın tikinti işləri
(2Saln. 8:3-18)
15 Padşah Süleyman əmək mükəlləfiyyəti qoyub bu işləri gördü: Rəbbin məbədini, öz sarayını, qala yamacını, Yerusəlim divarını, Xasoru, Megiddonu və Gezeri tikdi. 16 Misir padşahı firon gəlib Gezeri tutmuşdu və oranı yandırmışdı. Şəhərdə yaşayan Kənanlıları qırmışdı və bu şəhəri öz qızına – Süleymanın arvadına cehiz vermişdi. 17 Süleyman yenidən Gezeri tikdi. O həmçinin Aşağı Bet-Xoronu, 18 Baalatı, ölkədəki səhralıqda olan Tadmoru, 19 özünün bütün anbar şəhərlərini, döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi. 20 Ölkədə İsrail övladlarından olmayan başqa xalqlar – Emorlular, Xetlilər, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı, 21 çünki İsraillilər onların atalarını tamamilə məhv edə bilməmişdilər. Süleyman onları mükəlləfiyyətçi qul etdi və bu indiyə qədər belədir. 22 İsrail övladlarını isə qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, əyanları, rəisləri və sərkərdələri, döyüş arabalarının və süvarilərinin başçıları idi.
23 Süleymanın işlərinə nəzarət edən rəislər də İsraillilərdən idi. İş görən xalqa rəislik edən bu adamlar beş yüz əlli nəfər idi.
24 Fironun qızı Davudun şəhərindən Süleymanın onun üçün tikdiyi evinə köçdü. Sonra Süleyman qala yamacını tikdi.
25 * Çıx. 23:17; 34:23; Qanun. 16:16 Süleyman Rəbbə tikdiyi qurbangahın üzərində ildə üç dəfə yandırma qurbanları və ünsiyyət qurbanları gətirirdi, bununla bərabər Rəbbin önündə buxur yandırırdı. Beləcə o, məbədin işini görürdü.
Süleymanın donanması
26 Padşah Süleyman həmçinin Edom ölkəsində, Qırmızı dənizin körfəzində, Elatın yanında olan Esyon-Gever limanında donanma düzəltdi. 27 Xiram öz təbəəsi olan dənizə bələd gəmiçiləri Süleymanın adamları ilə birgə donanmaya göndərdi. 28 Onlar Ofirə gəldilər və oradan dörd yüz iyirmi talant qızıl götürüb padşah Süleymana gətirdilər.