HABAQQUQ
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
«Habaqquq» Kitabı miladdan əvvəl VII əsrin axırına – Babillilərin hökmranlıq etdiyi dövrə aiddir.
Bu qəddar xalqın törətdiyi zorakılıqdan narahat olan peyğəmbər Rəbbə sual verir:
«Pis özündən daha salehin başını yeyəndə
Axı niyə susursan?» (1:13).
Rəbb buna belə cavab verir:
«Budur, məğrurların niyyətləri düzgün deyil,
Amma saleh adam imanı ilə yaşayacaq» (2:4).
Kitabın qalan hissəsi pis adamların dəhşətli aqibətindən xəbər verir və Allahın böyüklüyünü izzətləndirən, Habaqququn güclü imanını bəyan edən şairanə ilahi ilə bitir.
Kitabın məzmunu
1:1–2:5 Habaqququn şikayəti və Rəbbin cavabı
2:6-20 Pis adamların aqibəti
3:1-19 Habaqququn duası
1
1 Habaqquq peyğəmbərə görüntü ilə nazil olan xəbərdarlıq.
Habaqququn şikayəti
2 Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam?
Sənsə eşitmirsən.
«Zorakılıq var!» deyə Sənə fəryad edirəm,
Lakin bizi qurtarmırsan.
3 Niyə mənə şər göstərirsən,
Özün də haqsızlığa baxırsan?
Hara nəzər salsam,
Orada soyğunçuluq və zorakılıq var,
Davaların, çəkişmələrin sonu yoxdur.
4 Buna görə qanun qüvvədən düşdü,
Ədalətə üstünlük verilmir.
Pis adamlar salehləri dövrəyə alır,
Ona görə ədalət təhrif olunur.
Rəbbin cavabı
5 * Həv. 13:40-41 Baxın o biri millətlərə,
Gördüklərinizə təəccüblənərək mat qalın.
Sizin vaxtınızda elə işlər görəcəyəm ki,
Bunu sizə danışsalar, inanmazsınız.
6 * 2Pad. 24:2 Budur, Mən amansız və qəddar milləti –
Dünyanın dörd tərəfinə yüyürən,
Özgə məskənləri zəbt edən
Xaldeyliləri qaldırıram.
7 Onlar dəhşətli və qorxuncdur,
Ədalət və şərəf yalnız onlar deyəndir.
8 Atları bəbirdən çevik,
Özləri isə ac qurddan daha azğındır,
Süvariləri yeri deşərək uzaqdan gəlir,
Şikarını yeməyə cuman qartal kimi şığıyır.
9 Onların hamısı zorakılıq üçün gəlir,
Hamısı bir nəfər kimi irəliyə üz tutur,
Əsirləri qum kimi yığırlar.
10 Padşahlara rişxənd edirlər,
Hökmdarlara gülürlər.
Hər qalalı şəhərə lağ edirlər,
Oraya torpaq qalağı töküb ələ keçirirlər.
11 Onlar yel kimi keçib-gedir.
Qüvvələrini özlərinə allah edən bu adamlar
Təqsirkar sayılacaq.
Habaqquq yenə də Rəbbə şikayət edir
12 Əzəldən bəri var olan Sən deyilsənmi?
Ya Rəbb, Allahım, Müqəddəs Olanım,
Biz ölməyəcəyik.
Ya Rəbb, məhkum etmək üçün onları təyin etdin.
Ey Qayamız, bizi cəzalandırma hökmünü onlara verdin.
13 Sənin gözlərin çox təmizdir,
Şəri görən gözün yoxdur,
Pis əməllərə dözə bilmirsən.
Bəs xəyanətkarlara necə baxa bilirsən?
Pis özündən daha salehin başını yeyəndə
Axı niyə susursan?
14 Sən insanları sanki dəniz balıqlarına,
Başçıları olmayan sürünən canlılara çevirdin.
15 O onların hamısını qarmaqla çəkir,
Torla çıxarır, ağlarına* Ağ – torun bir növü. yığır,
Buna sevinib-şadlanır.
16 Buna görə torları üçün qurban kəsir,
Ağları üçün buxur yandırır,
Axı o bu torlarla
Bol və ləzzətli yemək əldə edir.
17 Torunu durmadan boşaltmağa,
Millətləri amansızcasına qırmağa davam edəcəkmi?