RUT
KİTABI
GİRİŞ
«Rut» Kitabı Moavlı bir qadının ürək kövrəldən həyat hekayəsidir. Moavlı Rut İsrailli bir kişiyə ərə gedir. Əri öləndən sonra o, qayınanasına sonsuz sədaqət göstərərək İsraillilərin etiqad etdikləri Allaha bütün ürəyi ilə ümid bağlayır. Allah da Rutun sadiq ürəyini görüb ona yeni bir ümid qapısı açır. Sınıq qəlbli, qərib və tənha dul qadın olan Rut Allahın sonsuz mərhəməti nəticəsində İsrail xalqı arasında sakin olur. O, böyük peyğəmbər və padşah Davudun ulu nənəsidir.
«Rut» Kitabında aydın göstərilir ki, millətindən asılı olmayaraq hər kəs tək Allaha üz tutsa, Allahdan bərəkət alar və Onun sadiq xalqının nümayəndəsi olar.
Kitabın məzmunu:
1:1-22 Naominin Rutla Bet-Lexemə qayıtması
2:1–3:18 Rut Boaza rast gəlir
4:1-22 Boazın Rutla evlənməsi
1
Elimelekin ailəsi ilə Moav torpağına köçməsi
Hakimlərin hökm etdiyi günlərdə ölkədə qıtlıq oldu. Elə bu vaxtlarda Yəhudanın Bet-Lexem şəhərindən bir kişi arvadı və iki oğlu ilə birgə müvəqqəti yaşamaq üçün Moav torpağına köçdü. Bu kişinin adı Elimelek, arvadının adı Naomi, bir oğlunun adı Maxlon, o birinin adı isə Kilyon idi. Onlar Yəhudanın Bet-Lexem şəhərindən olan Efratlılar idi. Bu adamlar gəlib Moav torpağında yaşadılar.
Bir gün Naominin əri Elimelek öldü və o, iki oğlu ilə qaldı. Oğulları özlərinə Moav qadınlarından arvad aldı. Bu qadınların birinin adı Orpa, o birinin adı isə Rut idi. Onlar on ilə yaxın bu torpaqda yaşadı. Sonra Maxlon və Kilyon da öldü, Naomi həm oğulsuz, həm də ərsiz qaldı.
Bet-Lexemə qayıtma
Bir gün Naomi gəlinləri ilə Moav torpağından geri qayıtmaq üçün ayağa qalxdı. O, Moav torpağında eşitmişdi ki, Rəbb Öz xalqına nəzər salaraq onlara çörək vermişdir. Naomi Yəhuda torpağına qayıtmaq üçün gəlinləri ilə yaşadığı yerdən çıxıb yola düşdü. Naomi hər iki gəlininə dedi: «Gəlin siz hər biriniz ananızın evinə qayıdın. Sizin mərhumlara və mənə etdiyiniz xeyirxahlığa görə qoy Rəbb sizə xeyirxahlıq etsin. Rəbb elə etsin ki, hər biriniz ər evində rahatlıq tapasınız». Sonra o, gəlinlərini öpdü və onlar hönkürüb ağladılar. 10 Gəlinləri ona dedilər: «Xeyr, biz də səninlə birgə xalqının yanına gedirik». 11 Naomi isə dedi: «Ay qızlarım, qayıdın geri. Axı niyə siz də mənimlə getməlisiniz? Məgər bətnimdə yenə oğullarım var ki, sizə ər olsun? 12 Qayıdın, ay qızlarım, öz yolunuzla gedin. Mən indi ərə getmək üçün çox yaşlıyam. Desəm ki, ümidim var, hətta bu gecə ərə gedib oğullar doğacağam, 13 onlar böyüyənə qədər gözləyərsinizmi? Ərə getməyib səbir edərsinizmi? Yox, qızlarım! Sizin halınıza çox acıyıram, çünki mənə qarşı qalxan Rəbbin əlidir». 14 Onlar yenə də bərkdən ağlaşdılar. Orpa qayınanasını öpüb vidalaşdı, Rut isə ona sarıldı.
15 Naomi Ruta dedi: «Bax qaynın arvadı öz xalqının və allahlarının yanına qayıtdı, gəl sən də onun ardınca geri qayıt». 16 Rut dedi:
«Məcbur etmə ki, səni tərk edib
Səninlə getməyim.
Bil ki, hara getsən, ora gedəcəyəm,
Harada qalsan, orada qalacağam;
Xalqın xalqım olacaq,
Allahın Allahım.
17 Sən harada öləcəksənsə,
Mən də orada öləcəyəm,
Orada da basdırılacağam.
Əgər ölümdən başqa bir şey
Məni səndən ayırarsa,
Qoy Rəbb mənə beləsini və
Bundan betərini etsin».
18 Naomi Rutun onunla getmək üçün qəti qərara gəldiyini görəndə bir daha onu dilə tutmadı.
19 Hər ikisi Bet-Lexemə qədər gedib oraya çatdılar. Bet-Lexemə daxil olanda onları görən bütün şəhər əhalisi hərəkətə gəldi və dedilər: «Bu, Naomi deyilmi?» 20 Naomi onlara dedi: «Mənə Naomi * Naomi – ibrani dilində xoş. deməyin, mənə Mara Mara – ibrani dilində acı. deyin, çünki Külli-İxtiyar həyatımı acı etdi. 21 Mən buradan dolu çıxdım, Rəbb məni boş qaytardı. Bir halda ki Rəbb məni ittiham etdi, Külli-İxtiyar başıma müsibət gətirdi, daha niyə məni Naomi çağırırsınız?»
22 Beləliklə, Naomi Moav torpağından onunla birgə gələn gəlini Moavlı Rutla bərabər geri qayıtdı. Onlar Bet-Lexemə arpa biçini başlananda gəldilər.

*1:20 Naomi – ibrani dilində xoş.

1:20 Mara – ibrani dilində acı.