YEREMYA
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
Yeremya peyğəmbər miladdan əvvəl VII əsrin ikinci yarısında və VI əsrin birinci yarısında yaşamışdır. O, kahin idi. Uzun sürən xidmət müddətində Allahın xalqını bütpərəstliyə uymaqları və günah nəticəsində düçar olduqları bəla barədə xəbərdarlıq edirdi. Onun qabaqcadan söylədiyi peyğəmbərliklər – Yerusəlimin süqutu, Navuxodonosorun şəhəri və məbədi dağıtması, Yəhuda padşahının və xalqının Babilə sürgün edilməsi gerçək oldu. Yeremya həmçinin xalqın sürgündən qayıtmasını və millətin dirçəlişini də qabaqcadan söyləmişdi.
Yeremya peyğəmbər öz xalqını sevən, onun məhkum olmasından kədərlənən həssas bir adam idi. Kitabın çox yerində o, Allahın peyğəmbəri olduğu üçün iztirablar çəkməsi barədə ürək ağrısı ilə danışır. Rəbbin sözü onun qəlbində sanki yanar od idi, Yeremya onu ürəyində saxlaya bilmirdi.
Kitabda bəzi böyük peyğəmbərliklər Yeremyanın yaşadığı çətin dövrdən sonrakı gələcəyə işarə edir: Yeremya Yeni Əhd barədə danışır. Allahın xalqı bu əhdi yadda saxlayacaq, çünki həmin əhd onların qəlbinə yazılacaq.
Kitabın məzmunu
1:1-19 Yeremyanın çağırışı
2:1–25:38 Yoşiyanın, Yehoyaqimin, Yehoyakinin və Sidqiyanın hökmranlıq etdiyi dövrdə peyğəmbərliklər
26:1–45:5 Yeremyanın həyatında olan hadisələr
46:1–51:64 Millətlərə qarşı peyğəmbərliklər
52:1-34 Yerusəlimin süqutu
1
Bunlar Binyamin torpağındakı Anatotda yaşayan kahinlərdən biri olan Xilqiya oğlu Yeremyanın sözləridir. * 2Pad. 22:3–23:27; 2Saln. 34:8–35:19 Yəhuda padşahı Amon oğlu Yoşiyanın dövründə – padşahlığının on üçüncü ilində Yeremyaya Rəbbin sözü nazil oldu. * 2Pad. 23:36–24:7; 2Saln. 36:5-8 * 2Pad. 24:18–25:21; 2Saln. 36:11-21 Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi.
Yeremyaya çağırış
Mənə Rəbbin bu sözü nazil oldu:
«Mən sənə ananın bətnində
Surət verməzdən əvvəl səni tanıdım,
Doğulmazdan əvvəl səni təqdis edib
Millətlərə peyğəmbər etdim».
Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam». Rəbb mənə dedi: «Sən “cavanam” demə. Mən səni kimin yanına göndərsəm, gedəcəksən, sənə nə əmr etsəm, onu söyləyəcəksən. Adamlardan qorxma, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir. Rəbb əlini uzadıb ağzıma toxundu və mənə dedi: «Bax sözlərimi sənin dilinə qoydum. 10 Bu gün səni millətlər və ölkələr üzərinə təyin etdim ki, onları kökündən yıxıb dağıdasan, qırıb məhv edəsən, əkib tikəsən».
11 Mənə Rəbbin bu sözü nazil oldu: «Ey Yeremya, nə görürsən?» Mən dedim: «Badam ağacının bir budağını görürəm». 12 Rəbb mənə dedi: «Düz görmüsən. Axı Mən hər sözümü yerinə yetirməkdə sayığam». * Badam – ibrani mətnində şaqed və sayıq – şoqed.
13 Mənə yenə Rəbbin bu sözü nazil oldu: «Nə görürsən?» Mən dedim: «Şimaldan bu tərəfə yönəlmiş qaynar bir qazan görürəm». 14 Rəbb mənə dedi:
«Bu ölkədə yaşayanların hamısının üzərinə
Şimaldan bəla yağacaq.
15 Çünki Mən şimal ölkələrinin bütün tayfalarını çağıracağam»
Rəbb belə bəyan edir.
«Hər biri gəlib öz taxtını
Yerusəlim darvazalarının girişində,
Onun bütün darvazalarının ətrafında
Və bütün Yəhuda şəhərlərində quracaq.
16 Bütün pisliklərinə görə
Onların əleyhinə hökmlərimi bildirəcəyəm.
Çünki Məndən üz döndərib başqa allahlara buxur yandıraraq
Öz əl işlərinə səcdə etdilər.
17 Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə. Onlardan qorxma, yoxsa Mən də səni onların önündə qorxuya salacağam. 18 Budur, Mən bu gün səni bütün ölkənin – Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və ölkə xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim. 19 Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.

*1:2 2Pad. 22:323:27; 2Saln. 34:835:19

*1:3 2Pad. 23:3624:7; 2Saln. 36:5-8

*1:3 2Pad. 24:1825:21; 2Saln. 36:11-21

*1:12 Badam – ibrani mətnində şaqed sayıq – şoqed.