68
Məzmur 68
Musiqi rəhbəri üçün. Davudun məzmuru.
Bir ilahi.
Allah qalxsın, qoy düşmənlər dağılsın,
Ona nifrət edənlər qarşısından qaçsın,
Pislər çəkilən tüstü kimi dağılsın,
Alovun qarşısında mum kimi ərisin.
Qoy onlar Allahın qarşısında məhv olsun.
Salehlər sevinsin,
Allahın hüzurunda fərəhindən coşsun,
Sevinib şad olsun.
 
Allaha ilahi oxuyun, ismini tərənnüm edin,
Buludlar üstünə minənə yol açın.
İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.
Öz müqəddəs məskənində olan Allah
Yetimlərin atası,
Dul qadınların müdafiəçisidir.
Allah kimsəsizlərə ev qurur,
Əsirləri firavanlığa çıxarır,
Günahkarlar isə quru yurdda yaşayır.
 
* Çıx. 19:18; Hak. 5:4-5 Ey Allah, Sən xalqının önündə gedərkən,
Çöllükdə yürüşə çıxarkən
Sela
Sina dağındakı Allahın qarşısında,
Allahın, İsrailin Allahının hüzurunda
Yer lərzəyə gəldi, göydən yağış töküldü.
Ey Allah, yaxşıca yağışlar yağdırdın,
Solan torpaqlarını canlandırdın.
10 Xalqın orada məskən saldı.
Ey Allah, xeyirxahlığına görə
Məzlumlar üçün oranı Sən hazırladın.
 
11 Xudavənd əmr edir,
Bir alay qadın
Belə müjdə paylayır:
12 «Düşmən orduları qaçır!
Padşahları qaçır!
Evdə olanlar
Talan malını paylayırlar.
13 Siz ağıllar arasında yatanda
Qanadları gümüş kimi bərq vuran,
Tükləri isə qızıl kimi parlayan,
Göyərçinə oxşayırsınız».
14 Külli-İxtiyar padşahları elə dağıtdı ki,
Elə bil Salmon dağına göydən qar tökülür.
 
15 Ey Başan dağı, Allahın dağı,
Ey zirvələri çox olan Başan dağı!
16 Ey zirvələri çox olan dağlar,
Allah məskən salmaq üçün seçdiyi dağa
Niyə qibtə ilə baxırsınız?
Bəli, Rəbb orada əbədi yaşar.
 
17 Allahın döyüş arabaları var
Minlərlə, saysız-hesabsız.
Xudavənd onlarla birgə
Sinadan müqəddəs məskəninə gəlib.
18  * Ef. 4:8 Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın,
Əsir etdiyin düşmənləri Özünlə oraya apardın,
Sən bütün insanlardan,
Hətta üsyankarlardan da xərac aldın.
 
19 Xudavəndə,
Bizi qurtaran Allaha –
Hər gün qayğı yükümüzü çəkənə alqış olsun!
Sela
20 Allahımız azad edən Allahdır,
Ölümdən qurtaran Xudavənd Rəbdir.
 
21 Allah düşmənlərin kəlləsini,
Günah içində yaşayanların tüklü təpəsini əzəcək.
22 Xudavənd belə dedi:
«Onları Başandan geri qaytaracağam,
Dənizin dibində olsalar belə,
Oradan geri qaytaracağam.
23 Qoy ayaqların düşmənlərin qanına batsın,
Bundan itlərinin dilləri də pay alıb yalasın».
 
24 Ey Allah, indi burada o zəfər yürüşün,
Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür,
25 Öndə ilahi oxuyanlar,
Arxalarından isə çalğıçılar,
Aralarında dəfçalan qızlar gəlir.
26 Ey İsrailin belindən gələnlər, cəmiyyət içində
Allahınız Rəbbə alqış edin.
27 Qabaqda kiçik Binyamin qəbiləsi gedir,
Ardınca çoxlu Yəhuda başçıları,
Ondan sonra Zevulunun, Naftalinin başçıları gəlir.
 
28 Ey Allah, qüdrətini,
Bizim üçün işlətdiyin qüvvətini göstər.
29 Yerusəlimdəki məbədinə görə
Sənə padşahlar xərac gətirir.
30 Qamışlıqda yaşayan heyvanları,
Xalqların danaları ilə buğa sürüsünü tənbeh et.
Bu gümüşpərəstləri təpiyinin altına sal,
Davakar xalqları pərən-pərən et.
31 Misirdən Allahın hüzuruna elçilər gələcək,
Kuşlular da Ona əl açacaqlar.
 
32 Ey dünya ölkələri,
Allaha ilahi söyləyin.
Xudavəndi tərənnüm edin,
Sela
33 Göylərin, ulu göylərin üstünə minəni,
Güclü səslə gurlayanı dinləyin,
34 Allahın qüdrətini bəyan edin,
Əzəməti İsrail üzərindədir,
Onun qüdrəti göylərdədir!
35 Müqəddəs məkanında olan ey Allah, zəhmlisən!
İsrailin Allahı Öz xalqına qüdrət, qüvvət verir.
Allaha alqış olsun!

*68:7 Çıx. 19:18; Hak. 5:4-5

*68:18 Ef. 4:8