10
Tolanın hakimliyi
1 Avimelekdən sonra İsraili xilas etmək üçün İssakar qəbiləsindən olan Dodo oğlu Pua oğlu Tola adlı bir adam çıxdı. O, Efrayimin dağlıq bölgəsində Şamirdə yaşayırdı. 2 İsraildə Tola iyirmi üç il hakimlik edəndən sonra öldü və Şamirdə dəfn olundu.
Yairin hakimliyi
3 Bundan sonra Gileadlı Yair çıxıb iyirmi iki il İsraildə hakimlik etdi. 4 Onun otuz sıpaya minən otuz oğlu və oğlanlarının da otuz şəhəri var idi. Gilead bölgəsində olan bu şəhərlərə bu günə qədər Xavvot-Yair deyilir. * Xavvot-Yair – ibrani dilində Yairin qəsəbələri. 5 Yair öldü və Qamonda dəfn olundu.
İsraillilərin Ammonlulara və Filiştlilərə təslim edilməsi
6 İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər görərək Baal və Aştoret bütlərinə, Aram allahlarına, Sidon allahlarına, Moav allahlarına, Ammon övladlarının allahlarına, Filiştlilərin allahlarına qulluq edərək Rəbbi atdılar və Ona qulluq etmədilər. 7 Buna görə də İsraillilərə qarşı Rəbbin qəzəbi alovlandı və onları Filiştlilərə, Ammon övladlarına təslim etdi. 8 Bu dövrdə onlar İsrailliləri sıxışdırıb əzdilər. Onlar on səkkiz il İordan çayının o tayında Gileaddakı Emorlular diyarında olan bütün İsrail övladlarını əzdilər. 9 Ammon övladları hətta Yəhuda, Binyamin, Efrayim qəbilələrinə qarşı döyüşmək üçün İordan çayını keçirdilər. Buna görə İsraillilər çox əziyyət çəkirdi.
10 * 1Şam. 12:10 İsrail övladları Rəbbə fəryad edib dedilər: «Sənə qarşı günah etmişik, çünki Allahımızı atıb Baal bütlərinə qulluq etmişik».
11 Rəbb İsrail övladlarına dedi: «Sizi Misirlilərdən, Emorlulardan, Ammon övladlarından və Filiştlilərdən Mən qurtarmadımmı? 12 Sidonlular, Amaleqlilər, Maonlular sizi sıxışdıranda da Mənə fəryad etdiniz və sizi onların əlindən qurtaran Mən deyildimmi? 13 Amma siz Məni atıb başqa allahlara qulluq etdiniz, buna görə də bir daha sizi qurtarmayacağam. 14 Gedin seçdiyiniz allahlara fəryad edin, qoy bu əzablı vaxtınızda onlar sizi qurtarsınlar». 15 İsrail övladları Rəbbə dedilər: «Günah etmişik. Gözündə nə xoş görünürsə, onu bizə et. Yalvarırıq bu gün bizi qurtar». 16 Onlar aralarından yad allahları atdılar və Rəbbə qulluq etdilər. Rəbb İsraillilərin bu əzabına artıq dözə bilmədi.
17 Ammon övladları yığılıb Gileadda ordugah qurdular. İsrail övladları isə toplanıb Mispada ordugah qurdular. 18 Xalq və Gilead başçıları bir-birlərinə dedilər: «Kim Ammon övladlarına qarşı döyüşə başlasa, o adam bütün Gilead əhalisinə rəhbər olacaq».