18
İbrahimə oğlu olacağı barədə vəd verilməsi
1 Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu. 2 * İbr. 13:2 O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi: 3 «Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə. 4 İndi bir az su gətirərlər, ayaqlarınızı yuyub, ağac altında dincələrsiniz. 5 Mən isə bir parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz qulunuzun yanından keçirdiniz». Onlar dedilər: «Dediyin kimi elə».
6 İbrahim çadıra – Saranın yanına qaçıb dedi: «Tez ol, üç sea narın un götürüb xəmir yoğur və kökə bişir». 7 İbrahim mal-qaraya tərəf qaçdı. Oradan körpə və yaxşı bir buzov götürüb nökərinə verdi. Nökər də onu hazırlamaq üçün tələsdi. 8 İbrahim kəsmiyi, südü və hazırladığı buzovu götürüb onların qabağına qoydu, özü isə ağacın altında, onların yanında durdu. Onlar da yedilər.
9 Sonra İbrahimə dedilər: «Arvadın Sara haradadır?» O dedi: «Burada çadırdadır». 10 * Rom. 9:9 Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq». Sara onun arxasında, çadırın girəcəyində durub qulaq asırdı. 11 İbrahim və Sara qocalıb yaşa dolmuşdular. Sara aybaşıdan kəsilmişdi. 12 * 1Pet. 3:6 O, ürəyində gülüb dedi: «Qocaldığım halda mənə belə şadlıq üz verə bilərmi? Ağam da qocadır». 13 Rəbb İbrahimə dedi: «Sara nə üçün “Qocaldıqdan sonra mən uşaq doğa bilərəmmi?” deyib güldü? 14 * Luka 1:37 Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq». 15 Sara qorxduğu üçün «gülmədim» deyib inkar etdi. Ancaq Rəbb dedi: «Xeyr, güldün». 16 O adamlar qalxıb oradan Sodoma tərəf baxdılar. İbrahim onları yola salmaq üçün onlarla birgə getdi.
İbrahimin Sodom üçün yalvarması
17 O vaxt Rəbb dedi: «Mən edəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi? 18 Həqiqətən, İbrahimdən böyük və güclü bir millət törəyəcək, onun vasitəsilə yer üzünün bütün millətləri xeyir-dua alacaq. 19 Çünki Mən onu seçdim ki, oğullarına və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın. Rəbb də İbrahim barədə dediyi sözü yerinə yetirsin». 20 Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. 21 Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim».
22 O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu. 23 İbrahim yaxın gəlib dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? 24 Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən? 25 Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz». 26 Rəbb dedi: «Əgər Sodom şəhərində əlli nəfər saleh adam tapsam, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm».
27 İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm: 28 əlli nəfərdən beş nəfər az saleh adam tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?» Rəbb dedi: «Əgər orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam».
29 İbrahim yenə Onu dilə tutub dedi: «Əgər orada qırx nəfər tapılsa, necə?» Rəbb dedi: «Qırx nəfərin də xatirinə bunu etmərəm».
30 İbrahim dedi: «Mən çox danışdığım üçün Rəbb qəzəblənməsin: əgər orada otuz nəfər tapılsa, necə?» Rəbb dedi: «Əgər orada otuz nəfər də tapılsa, bunu etmərəm».
31 İbrahim dedi: «Mən yenə də Rəbbə bunu söyləməyi cəsarət edirəm: orada iyirmi nəfər tapılsa, necə?» Rəbb dedi: «İyirmi nəfərin də xatirinə oranı məhv etmərəm».
32 İbrahim dedi: «Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam: orada on nəfər tapılsa, necə?» Rəbb dedi: «On nəfərin də xatirinə oranı məhv etmərəm».
33 Rəbb İbrahimlə söhbətini bitirib getdi. İbrahim də öz yerinə qayıtdı.