44
Məbəddə xidmət edənlər
O adam məni Müqəddəs məkanın şərqə baxan bayır darvazası yolundan geri qaytardı. Darvaza bağlı idi. Rəbb mənə dedi: «Bu darvaza bağlı qalacaq, açılmayacaq, heç kəs oradan içəri girməyəcək, çünki İsrailin Allahı Rəbb oradan içəri girmişdir, buna görə də bağlı qalacaq. Yalnız rəhbər rəhbərliyinə görə Rəbbin önündə çörək yemək üçün orada oturacaq. Darvaza eyvanı yolundan girib, o yoldan da çıxacaq».
O adam məni şimal darvazası yolundan məbədin önünə gətirdi. Mən baxıb gördüm ki, Rəbbin izzəti Öz məbədini doldurub. Bu zaman üzüstə düşdüm. Rəbb mənə dedi: «Ey bəşər oğlu, Rəbbin məbədinin bütün qayda-qanunları ilə bağlı deyəcəyim sözləri yaxşı-yaxşı dinlə, onlara qulaq as, hər şeyə diqqətlə bax. Müqəddəs məkana kimin girib-çıxacağına diqqət et. Üsyankar olan İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, artıq bəsdir! Etdiyiniz iyrənc işlərə daha son qoyun. Ürəyi və bədəni sünnət edilməmiş yadelliləri Müqəddəs məkanıma gətirdiniz, Mənə qida olmaq üçün piy və qan təqdim etməklə məbədimi murdarladınız. Beləcə iyrənc işlərinizlə əhdimi pozdunuz. Müqəddəs şeylərim üzərində vəzifənizi yerinə yetirmədiniz. Müqəddəs məkanımda bu şeylərə nəzarət etməyi başqalarına tapşırdınız”. Xudavənd Rəbb belə deyir: “İsrail xalqı arasında yaşayan ürəyi və bədəni sünnət edilməmiş heç bir yadelli Müqəddəs məkanıma girməsin.
10 İsrail yoldan azdığı zaman Məndən uzaqlaşan və yoldan azıb bütlərinə sitayiş edən Levililər öz günahlarının cəzasını çəkəcək, 11 lakin Müqəddəs məkanımda bu işləri görəcək: məbədin darvazalarına nəzarət edəcək, məbədin xidmət işlərini görəcək, xalq üçün yandırma qurbanları və başqa qurbanlıq heyvanları kəsəcək, xalqın önündə durub onlara xidmət edəcək. 12 İndi ki onlar bütlərinin önündə İsrail nəslinə xidmət edərək xalqı günaha batırdı, Mən Rəbb də onları günahlarına görə cəzalandıracağıma and içdim” Xudavənd Rəbb belə bəyan edir. 13 “Onlar kahin kimi xidmət etmək üçün Mənə yaxınlaşmayacaq, bütün müqəddəs şeylərimə, ən müqəddəs qurbanlarıma toxunmayacaq. Etdikləri iyrənc əməllərinin rüsvayçılığını çəkəcəklər. 14 Bundan sonra məbədin xidmət vəzifəsini və orada görülən bütün işləri onlara tapşıracağam.
15 Ancaq İsrail Məni qoyub yoldan azdığı zaman Müqəddəs məkanımın xidmət vəzifəsini yerinə yetirən Sadoq nəslindən Levili kahinlər önümdə xidmət etmək üçün Mənə yaxınlaşacaq. Onlar piy və qan təqdim etmək üçün hüzuruma çıxacaq” Xudavənd Rəbb belə bəyan edir. 16 “Yalnız onlar Müqəddəs məkanıma girəcək, yalnız onlar önümdə xidmət etmək üçün süfrəmə yaxınlaşıb buyruğumu yerinə yetirəcək.
17  * Çıx. 28:39-43; Lev. 16:4 Kahinlər içəri həyətin darvazalarından girəcəkləri zaman kətan geyim əyinlərində olsun, içəri həyətin darvazalarında yaxud məbəddə xidmət edərkən yun paltar geyməsinlər. 18 Başlarına kətan çalma sarısınlar, bellərinə kətan alt paltarı geysinlər. Bədənlərini tərlədən bir şey geyinməsinlər. 19  * Lev. 16:23 Bayır həyətə, bayır həyətdə olan xalqın yanına çıxmazdan qabaq xidmət edərkən əyinlərindəki geyimləri çıxarıb müqəddəs otaqlara qoysunlar və başqa paltarlar geysinlər ki, geyimləri ilə xalqı təqdis etməsinlər. 20  * Lev. 21:5 Kahinlər başlarını qırxmasın, saçlarını uzatmasın, yalnız saçlarını kəsib düzəltsin. 21  * Lev. 10:9 İçəri həyətə girəcəyi vaxt heç bir kahin şərab içməsin.
22  * Lev. 21:7,13-14 Kahinlər dul yaxud boşanmış arvad almasın, ancaq İsrail nəslindən olan bir bakirə qız yaxud da başqa kahindən dul qalmış arvadı ala bilərlər. 23  * Lev. 10:10; Yez. 22:26 Onlar Mənim xalqıma müqəddəs olan şeyi adi şeydən, murdar şeyi pak şeydən ayırmağı öyrədəcək. 24 Mübahisəli işlərdə onlar hakimlik edəcək, hökmlərimə görə qərar verməlidirlər. Bayramlarımla bağlı qayda-qanunlarıma əməl etməli, Şənbə günlərimi müqəddəs saymalıdırlar.
25  * Lev. 21:1-4 Kahin adam meyitinə yaxınlaşıb özünü murdarlamasın, amma bu, anasının, atasının, oğlunun, qızının, qardaşının yaxud ərə getməmiş bacısının meyiti olsa, özünü murdarlaya bilər. 26 Pak olduqdan sonra hələ yeddi gün gözləsin. 27 Məbəddə xidmət etmək üçün içəri həyətə girəcəyi gün özü üçün bir günah qurbanı təqdim etsin” Xudavənd Rəbb belə bəyan edir.
28  * Say. 18:20 “Kahinlərin irsi var: onların irsi Mənəm. İsraildə onlara mülk verməyin. Onların mülkü Mənəm. 29  * Say. 18:8-19 Kahinlər taxıl təqdimlərini, günah və təqsir qurbanlarını yesin. İsraildə Rəbbə həsr olunan hər şey onlarınkı olsun. 30 Bütün nübarların ilk hissəsi və bütün xüsusi hədiyyələriniz kahinlərinki olsun. Evinizə bərəkət yağsın deyə taxılınızın ilkini onlara verin. 31  * Lev. 22:8 Kahinlər ölü halda tapılmış yaxud vəhşi heyvanlar tərəfindən parçalanmış heç bir quş və heyvan yeməsin.

*44:17 Çıx. 28:39-43; Lev. 16:4

*44:19 Lev. 16:23

*44:20 Lev. 21:5

*44:21 Lev. 10:9

*44:22 Lev. 21:7,13-14

*44:23 Lev. 10:10; Yez. 22:26

*44:25 Lev. 21:1-4

*44:28 Say. 18:20

*44:29 Say. 18:8-19

*44:31 Lev. 22:8