4
Göydəki taxt
1 Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm». 2 * Yez. 1:26-28; 10:1Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub. 3 Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi. 4 Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu. 5 * Çıx. 19:16; Yez. 1:13; Vəhy 1:4; 8:5; 11:19; 16:18Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur. 6 * Yeş. 6:2-3; Yez. 1:5-10,18,22; 10:12,14Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi.
Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi. 7 Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi. 8 Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir:
«Var Olmuş, Var Olan və Gəlməli Olan,
Külli-İxtiyar Rəbb Allah
Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
9 Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə 10 iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər:
11 «Ey bizim Rəbbimiz və Allahımız!
Sən izzət, şərəf və qüdrət almağa layiqsən.
Çünki hər şeyi Sən yaratdın,
Hər şey Sənin iradənlə var olub yarandı».