22
Balaqın Bilamı çağırması
İsrail övladları yola düşüb Moav düzənliyində, İordanın şərqində Yerixonun qarşısında dayandılar.
İsrailin Emorluların başına gətirdiyi hər şeyi Sippor oğlu Balaq görmüşdü. Camaatı gördükdə Moavlılar bərk qorxdular, çünki İsrail xalqı çox idi. Moav sakinləri İsrail övladlarından vahiməyə düşdü. Moavlılar Midyan ağsaqqallarına dedilər: «Öküz çöl otunu yediyi kimi bu camaat da indi bütün ətrafımızı yeyib qurtaracaq». O vaxtlar Sippor oğlu Balaq Moav padşahı idi. * 2Pet. 2:15-16; Yəhd. 11 Beor oğlu Bilamı çağırmaq üçün Fərat çayının kənarındakı Petora, onun vətəninə qasidlər göndərib dedi: «Budur, Misirdən bir xalq çıxıb, yer üzünü bürüyərək yaxınlığımda yerləşmişdir. Xahiş edirəm, indi gəl, mənim xeyrimə bu xalqa lənət oxu, çünki onlar məndən güclüdür. Bəlkə onda mən onları məğlub edib ölkədən qova bildim. Sənin xeyir-dua verdiyin şəxsin xeyir-dualı, lənətlədiyin şəxsin lənətli olduğunu bilirəm».
Moav ağsaqqalları ilə Midyan ağsaqqalları fala baxmaq haqqını əllərinə götürüb Bilamın yanına getdilər və Balaqın sözlərini ona söylədilər. Bilam onlara dedi: «Bu gecəni burada keçirin ki, Rəbb mənə söyləyəcəyini sizə deyim». Beləliklə, Moav başçıları Bilamın yanında qaldılar.
Allah Bilamın yanına gəlib dedi: «Evindəki bu adamlar kimdir?» 10 Bilam Allaha dedi: «Moav padşahı Sippor oğlu Balaq mənim yanıma adam göndərib dedi: 11 “Budur, Misirdən çıxan xalq yer üzünü bürüyür. İndi gəl, mənim xeyrimə görə ona lənət oxu, bəlkə döyüşüb onları qova bildim”». 12 Allah Bilama dedi: «O adamlarla getmə, o xalqa lənət etmə, çünki xeyir-dualı xalqdır». 13 Bilam səhər tezdən durdu və Balaqın başçılarına dedi: «Torpağınıza qayıdın, çünki Rəbb sizinlə birgə getməyə mənə izin vermir». 14 Moav başçıları qalxdılar və Balaqın yanına gəlib dedilər: «Bilam bizimlə birgə gəlmək istəmədi».
15 Yenə Balaq əvvəlkilərdən daha çox və daha etibarlı başçılar göndərdi. 16 Bilamın yanına gəlib ona dedilər: «Sippor oğlu Balaq belə deyir: “Xahiş edirəm, yanıma gəlməkdən imtina etmə. 17 Çünki sənə çox mükafat verəcəyəm və nə desən, hamısını edəcəyəm. İndi xahiş edirəm, gəl, mənim xeyrimə görə bu xalqa lənət oxu”». 18 Bilam cavab verib Balaqın adamlarına dedi: «Balaq evini qızıl və gümüşlə dolu mənə versə belə, Allahım Rəbbin sözündən yan keçib, nə kiçik, nə də böyük iş görə bilərəm. 19 İndi xahiş edirəm, siz də bu gecə burada qalın və görüm Rəbb mənə başqa nə deyəcək». 20 O gecə Allah Bilama görünüb ona dedi: «Əgər bu adamlar səni çağırmaq üçün gəliblərsə, qalx onlarla get, ancaq Mənim sənə söyləyəcəyim şeyləri et».
Bilamın eşşəyi
21 Bilam səhər tezdən qalxaraq eşşəyinə palan vurub Moav başçıları ilə birgə getdi. 22 O getdiyi üçün Allahın qəzəbi alovlandı və Rəbbin mələyi ona qarşı çıxmaq üçün yolda durdu. Bilam eşşəyinə minmişdi və onunla bərabər iki nökəri də vardı. 23 Eşşək sıyrılmış qılıncı əlində, yolda duran Rəbbin mələyini gördü və yoldan dönərək tarlaya girdi. Bilam yoluna döndərmək üçün eşşəyi vurdu. 24 Rəbbin mələyi bağların arasında dar bir yolda durdu. Hər iki tərəf divar idi. 25 Eşşək Rəbbin mələyini görüb divara sıxıldı və Bilamın ayağını divara sıxışdırdı. O yenə eşşəyi vurmağa başladı. 26 Rəbbin mələyi irəli çıxdı və sağa-sola dönmək üçün yol olmayan dar bir yerdə durdu. 27 Eşşək Rəbbin mələyini gördü və Bilamın altında çökdü. Bilamın qəzəbi alovlandı, dəyənəklə eşşəyi vurdu. 28 Rəbb eşşəyin dilini açdı və o, Bilama dedi: «Sənə nə etdim ki, məni üç dəfə vurdun?» 29 Bilam eşşəyə dedi: «Çünki mənimlə əyləndin. Kaş ki əlimdə bir qılınc olaydı, indi səni öldürərdim». 30 Eşşək Bilama dedi: «Ömrünün əvvəlindən bu günə qədər belinə mindiyin eşşəyin mən deyiləmmi? Mən sənə heç belə edərdimmi?» Bilam dedi: «Xeyr».
31 Sonra Rəbb Bilamın gözlərini açdı. Bilam əlində sıyrılmış qılınc olan Rəbbin mələyinin yolda durduğunu gördü və başını əyib üzüstə yerə sərildi. 32 Rəbbin mələyi ona dedi: «Nə üçün eşşəyini üç dəfə vurdun? Budur, mən sənə qarşı durmaq üçün çıxdım. Məncə tezliklə yolun məhvə doğru gedir. 33 Eşşək məni gördü, bu üç dəfədir ki, önümdən yana döndü. Əgər yoldan dönməsəydi, həqiqətən, indi səni öldürərdim və onu sağ buraxardım». 34 Bilam Rəbbin mələyinə dedi: «Günah etdim, çünki sənin mənə qarşı yolda durduğunu bilmədim. İndi əgər bu sənin gözündə pis görünürsə, qoy evimə qayıdım». 35 Rəbbin mələyi Bilama dedi: «Bu adamlarla get, ancaq yalnız sənə deyəcəyim sözü de». Bilam Balaqın başçıları ilə bərabər getdi.
36 Balaq Bilamın gəldiyini eşitdikdə onu qarşılamaq üçün Arnon çayının kənarında, torpağının ən uzaq sərhədində olan İr-Moav şəhərinə getdi. 37 Balaq Bilama dedi: «Səni çağırtdırmaq üçün adam göndərmədimmi? Nə üçün mənim yanıma gəlmədin? Məgər mən sənə mükafat verə bilmirəmmi?» 38 Bilam Balaqa dedi: «Budur, indi sənin yanına gəldim! Amma nə deyə bilərəm ki? Ancaq Allahın dilimə qoyacaq sözü söyləyəcəyəm». 39 Bilam Balaqla birgə getdi və Qiryat-Xusota gəldilər. 40 Balaq mal-qaranı və qoyun-keçini qurban kəsdi. Bilama və onunla birgə olan başçılara ət göndərdi.
41 Bundan sonra səhəri gün Balaq Bilamı götürdü və onu Bamot-Baala çıxartdı. Bilam oradan İsrail xalqının bir hissəsini gördü.

*22:5 2Pet. 2:15-16; Yəhd. 11