19
Qırmızı düyə və paklama suyu
1 Rəbb Musaya və Haruna dedi: 2 «Bu, Rəbbin əmr etdiyi qanunun qaydasıdır: İsrail övladlarına deyin ki, qüsursuz, eyibsiz, heç vaxt boynuna bir boyunduruq taxılmayan bir qırmızı düyə gətirsinlər. 3 Onu kahin Eleazara verin. Düyə düşərgənin kənarına çıxarılsın və onun önündə kəsilsin. 4 Kahin Eleazar barmağı ilə onun qanından götürərək Hüzur çadırının önünə doğru yeddi dəfə çiləsin. 5 Onun gözləri önündə düyə yandırılsın. Dərisi, əti və qanı, bağırsağı ilə birgə yansın. 6 Kahin sidr ağacının budağını, züfa otunu və al rəngli ipi götürüb yandırılan düyənin üstünə atsın. 7 Kahin geyimlərini yusun, bədənini su ilə yusun, sonra düşərgəyə girsin. O, axşama qədər murdar sayılsın. 8 Qoy düyəni yandıran adam da geyimlərini yusun, bədənini də su ilə yusun və axşama qədər murdar sayılsın. 9 * İbr. 9:13 Düyənin külünü pak adam toplayıb düşərgənin kənarında pak bir yerə qoysun və İsrail övladlarının icması naminə paklama suyu düzəltmək üçün saxlanılsın. Bu, günah qurbanıdır. 10 Düyənin külünü toplayan adam geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu, İsrail övladları üçün və aralarında yaşayan yadellilər üçün də əbədi bir qaydadır.
11 Hər hansı bir insan meyitinə toxunan yeddi gün murdar olacaq. 12 Üçüncü və yeddinci gün özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak olmayacaq. 13 Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır.
14 Çadırda ölən adam üçün təlimat belədir: çadıra girən və çadırda olan hər kəs yeddi gün murdar sayılsın. 15 İplə bağlanmış qapağı olmayan hər açıq qab murdar sayılsın. 16 Çöldə qılıncla öldürülmüş olana, bir ölüyə yaxud bir insan sümüyünə yaxud da qəbirə toxunan şəxs yeddi gün murdar sayılsın. 17 Murdar adam üçün yanmış günah qurbanı külündən götürüb onun üzərinə axar su tökün. 18 Pak bir adam züfa otunu götürüb, o suya batırsın və çadırın, bütün qabların və orada olanların üzərinə çiləsin. Sümüyə, öldürülən adama, meyitə yaxud da qəbirə toxunan adamın üzərinə də çiləsin. 19 Pak adam murdar adamın üzərinə üçüncü gün və yeddinci gün çiləsin və yeddinci gün bu pak olacaq. O, geyimlərini yusun, su ilə yuyunsun və axşam pak sayılsın.
20 Ancaq murdar olub özünü pak etməyən adam camaat arasından qovulsun, çünki Rəbbin Müqəddəs məkanını murdarlayıb. Onun üzərinə paklama suyu çilənmədiyi üçün o murdar sayılsın. 21 Bu onlara əbədi qayda olsun: paklama suyu çiləyən adam geyimlərini yusun və paklama suyuna toxunan adam axşama qədər murdar sayılsın. 22 Murdar adamın toxunduğu hər şey murdar sayılsın. O şeyə toxunan adam axşama qədər murdar sayılsın».