2
Taxıl təqdimi
1 Kimsə Rəbbə taxıl təqdimi gətirərsə, təqdimi narın un olsun, üstünə də zeytun yağı töküb kündür * Kündür – saqqız ağacının qabığından hazırlanan xoşiyli sarımtıl maddə. qoysun. 2 Onu Harun nəslindən olan kahinlərə gətirsin. Sonra isə kahin bir ovuc unla yağ və kündürün hamısını götürərək qurbangahda xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 3 Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyünə görə ən müqəddəsdir.
4 Təndirdə bişirilmiş taxıl təqdimi gətirəndə zeytun yağı ilə narın undan yoğrulmuş mayasız kökələr və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar təqdim et.
5 Əgər təqdimin sacda bişmiş taxıl təqdimidirsə, onu narın undan, zeytun yağı ilə yoğrulmuş mayasız kökə kimi bişir. 6 Onu ov və üstünə zeytun yağı tök. Bu, taxıl təqdimidir.
7 Əgər təqdimin tavada bişən taxıl təqdimidirsə, onu narın undan zeytun yağı ilə hazırla.
8 Bu üsullarla hazırlanan taxıl təqdimini Rəbbin yanına gətir və kahinə təqdim et. O da təqdimini qurbangaha aparsın. 9 Kahin bu təqdimdən xatirə təqdimi kimi pay götürərək qurbangahda tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 10 Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyü üçün ən müqəddəsdir.
11 Rəbbə gətirilən heç bir taxıl təqdimi mayalı xəmirdən hazırlanmasın. Tərkibində ya maya ya da bal olan təqdim Rəbb üçün yandırma təqdimi kimi tüstülədilib yandırılmasın. 12 Bunları ilk məhsul təqdimləri kimi Rəbbin yanına gətirin. Amma xoşa gələn ətir kimi qurbangahda təqdim olunmasın. 13 Taxıl təqdimlərinin hər birini duzla, onlardan Allahınla əhdinin duzunu əsirgəmə. Bütün təqdimlərini duzla.
14 Əgər sən Rəbbə nübarından taxıl təqdimini gətirsən, onda təzə taxılı odda qovurub yarmasını təqdim et. 15 Onun üstünə zeytun yağı və kündür qoy. Bu, taxıl təqdimidir. 16 Kahin bir az yarma və zeytun yağı götürərək bütün kündürlə xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbb üçün verilən yandırma təqdimidir.