19
İsanın ölümə məhkum edilməsi
Onda Pilat İsanı aparıb qamçılatdı. Əsgərlər də tikandan bir tac hörüb Onun başına qoydular və Ona tünd qırmızı paltar geyindirdilər. Onlar İsanın yanına gəlib «Yəhudilərin Padşahı sağ olsun!» deyirdilər və Ona şillə vururdular. Pilat yenə bayıra çıxıb Yəhudilərə dedi: «Budur, Onu bayıra, sizin yanınıza gətirirəm ki, Onda bir təqsir görmədiyimi biləsiniz». O zaman İsa başında tikandan tac, əynində tünd qırmızı paltar bayıra çıxdı. Pilat onlara dedi: «O Adam budur!» Başçı kahinlər və mühafizəçilər Onu gördükdə «Çarmıxa çək, çarmıxa çək!» deyə bağırdılar. Pilat onlara dedi: «Onu özünüz götürüb çarmıxa çəkin, çünki mən Onda bir təqsir görmürəm». Yəhudilər ona cavab verdilər: «Bizim bir qanunumuz var, bu qanuna görə O ölməlidir, çünki Özünü Allahın Oğlu adlandırır».
Pilat bu sözü eşidəndə daha da qorxdu. Yenə vali sarayına girib İsadan soruşdu: «Sən haradansan?» Amma İsa ona cavab vermədi. 10 Pilat Ona dedi: «Mənəmi cavab vermirsən? Bilmirsən ki, Səni azad etməyə yaxud çarmıxa çəkməyə səlahiyyətim var?» 11 İsa ona cavab verdi: «Əgər sənə yuxarıdan verilməsəydi, Mənim üzərimdə heç bir səlahiyyətin olmazdı. Buna görə də Məni sənə təslim edənin günahı daha böyükdür». 12 Bundan sonra Pilat Onu azad etməyə çalışdı, ancaq Yəhudilər bağırıb dedilər: «Əgər bu Adamı azad etsən, qeysərin dostu deyilsən. Kim özünü padşah elan edirsə, qeysərə qarşı çıxmış olur».
13 Pilat bu sözü eşitdikdə İsanı bayıra apardı və ibranicə Qabbata, yəni Daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturdu. 14 Pasxaya hazırlıq günü idi. Altıncı saat* Altıncı saat – hazırkı vaxtla günorta saat on iki. radələri idi. Pilat Yəhudilərə «Padşahınız budur!» dedi. 15 Amma onlar «Yox, rədd olsun, rədd olsun! Onu çarmıxa çək!» deyə bağırdı. Pilat onlardan soruşdu: «Padşahınızımı çarmıxa çəkim?» Başçı kahinlər cavab verdilər: «Qeysərdən başqa padşahımız yoxdur!» 16 Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi.
İsanın çarmıxa çəkilməsi
(Mat. 27:32-44; Mark 15:21-32; Luka 23:24-43)
Əsgərlər İsanı götürüb apardılar. 17 İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni «Kəllə yeri» adlanan yerə çıxdı. 18 Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər: biri İsanın sağında, o biri isə solunda idi, İsa da ortada idi. 19 Pilat bir lövhə yazıb onu çarmıxın üstündə asdırdı. Orada belə yazılmışdı: «Yəhudilərin Padşahı Nazaretli İsa». 20 Yəhudilərin bir çoxu bu lövhəni oxudu, çünki İsanın çarmıxa çəkildiyi yer şəhərə yaxın idi və lövhədə ibranicə, latınca və yunanca yazılmışdı. 21 Bunu görüb Yəhudi başçı kahinləri Pilata dedilər: «“Yəhudilərin Padşahı” yox, “Özünü Yəhudilərin Padşahı adlandıran” yaz». 22 Pilat cavab verdi: «Nə yazdımsa, yazdım».
23 Əsgərlər İsanı çarmıxa çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə böldülər. Tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər. 24  * Zəb. 22:18Onlar bir-birinə dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı
«Aralarında paltarlarımı bölüşdürdülər,
Geyimim üçün püşk atdılar»
sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər.
25 İsanın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı. 26 İsa anasını və onun yanında Öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: «Ana, bu sənin oğlundur!» 27 Sonra isə şagirdə dedi: «Bu da sənin anandır!» Həmin andan sonra şagird onu öz evinə apardı.
İsanın ölümü
(Mat. 27:45-56; Mark 15:33-41; Luka 23:44-49)
28  * Zəb. 22:15; 69:21Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi. 29 Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. 30 İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı.
31 Hazırlıq günü olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi. 32 Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar. 33 İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. 34 Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı. 35 Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir. 36  * Çıx. 12:46; Say. 9:12; Zəb. 34:20Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir sümüyü də qırılmayacaq» sözü yerinə yetsin. 37  * Zək. 12:10; Vəhy 1:7Yenə başqa bir Yazıda «bədənini deşdikləri Şəxsə baxacaqlar» deyilir.
İsanın dəfni
(Mat. 27:57-61; Mark 15:42-47; Luka 23:50-56)
38 Bundan sonra Arimateyalı Yusif Pilatdan İsanın cəsədini götürməyi xahiş etdi. Yusif İsanın şagirdi idi, amma Yəhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat ona izin verdi və Yusif gəlib İsanın cəsədini götürdü. 39  * Yəh. 3:1-2Vaxtı ilə gecə ikən İsanın yanına gələn Nikodim də gəlib yüz litraya Yüz litra – təqribən 30 kq. qədər qarışıq mirra və əzvay gətirdi. 40 İsanın cəsədini götürüb Yəhudilərin dəfn adətinə uyğun olaraq ətirlərlə birgə kətan bezlərə sarıdılar. 41 İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi. 42 Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi.

*19:14 Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.

*19:24 Zəb. 22:18

*19:28 Zəb. 22:15; 69:21

*19:36 Çıx. 12:46; Say. 9:12; Zəb. 34:20

*19:37 Zək. 12:10; Vəhy 1:7

*19:39 Yəh. 3:1-2

19:39 Yüz litra – təqribən 30 kq.