17
Yəhudanın günahı və cəzası
1 Yəhudanın günahı dəmir qələmlə yazıldı,
Ürəklərinin lövhələri və qurbangahlarının buynuzları üzərinə
Almaz uclu alətlə həkk edildi.
2 Onlar kölgəli ağacların yanında,
Yüksək təpələrdə, çöldəki dağlarda
Qurbangahlarına və Aşera bütlərinə
Öz uşaqlarına göstərdikləri qədər maraq göstərir.
3 Sənin mal-dövlətini,
Bütün xəzinələrini, səcdəgahlarını
Ölkənin hər tərəfində işlənən günahlardan ötrü
Qarətə təslim edəcəyəm.
4 Sənə verdiyim irsi
Öz qəbahətinlə yox edəcəksən.
Tanımadığın ölkədə səni
Düşmənlərinə qul edəcəyəm.
Çünki siz Mənim qəzəbimdən
Od alışdırdınız,
O əbədi yanacaq».
5 Rəbb belə deyir:
«O adam lənətlidir ki,
İnsana güvənir,
Bəşərin gücünə arxalanır,
Ürəyi Rəbdən ayrılır.
6 O, çöldəki yulğun ağacı kimi olacaq,
Xeyir gələndə onu görməyəcək.
Səhrada olan quraq yerlərdə
Heç kəs yaşamayan şoranlıqda sakin olacaq.
7 Nə xoşbəxtdir o adam ki
Rəbbə güvənir,
Rəbbi özünə arxa sayır.
8 * Zəb. 1:3 O, sular kənarında
Əkilmiş ağac kimi olacaq.
Elə ağac ki çay kənarında kök salar,
İsti gələndə qorxmaz,
Yarpağı həmişə yaşıl qalar,
Quraqlıq olan il qayğı çəkməz,
Bəhər verməkdən qalmaz».
9 İnsan ürəyi hər şeydən hiyləgərdir,
Çarəsi yoxdur.
Onu kim başa düşə bilər?
İnsanın fikrini sınayıram ki,
Hər kəsə əməllərinə görə,
İşlərinin bəhrəsinə görə əvəz verim».
11 Haqsızlıqla var-dövlət toplayan adam
Özünün yumurtlamadığı yumurtaların üstünə
Oturan kəklik kimidir.
Ömrünün ortasında var-dövləti əldən gedəcək,
Axırda o adam axmaq çıxacaq.
12 Müqəddəs məkanımızdakı yer
Əvvəlcədən ucaldılmış izzət taxtıdır.
13 Ya Rəbb, İsrailin Ümidgahı,
Səni tərk edənlərin hamısı utanacaq.
Rəbb deyir:
«Məndən üz döndərənlərin adı
Toz-torpağa yazılacaq,
Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər».
14 Ya Rəbb, mənə şəfa versən,
Mən sağalaram.
Məni xilas etsən,
Mən xilas olaram.
Çünki həmd etdiyim Sənsən.
15 Bax onlar mənə
«Rəbbin sözü hanı?
Qoy yerinə yetsin!» deyir.
16 Mən Sənin xidmətində
Çoban olmaqdan boyun qaçırmadım.
Bəla gününün gəlməsini istəmədim.
Sən bilirsən ki,
Ağzımdan nə çıxdısa,
Sənin gözünün önündədir.
17 Məni dəhşətə salma,
Fəlakət günündə sığınacağım Sənsən.
18 Qoy məni təqib edənlər utansın,
Mənsə utanmayım.
Qoy onlar qorxuya düşsün,
Mən isə qorxmayım.
Qara günü onların başına gətir,
Tamamilə qırılana qədər onları qır.
Şənbə gününə əməl edilməsi
19 Rəbb mənə belə dedi: «Get Yəhuda padşahlarının girib-çıxdıqları Xalq darvazasında və Yerusəlimin bütün darvazalarında dayanıb 20 onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın. 21 * Neh. 13:15-22; Yəh. 5:10 Rəbb belə deyir: “Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin. 22 * Çıx. 20:8-10; Qanun. 5:12-14 Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin. 23 Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”.
24 Rəbb bəyan edir: “Əgər siz Şənbə günü bu şəhərin darvazalarından yük daşımamaq, Şənbə gününü təqdis etmək və bu gün heç bir işlə məşğul olmamaqla Mənə, həqiqətən, itaət etsəniz, 25 o zaman Davudun taxtında oturan padşahlar və başçılar döyüş arabalarına və atlara minib Yəhuda adamları, Yerusəlimdə yaşayanlarla birgə bu şəhərin darvazalarından girəcək. Bu şəhər əbədi olaraq məskunlaşmış qalacaq. 26 Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından, yamaclı-düzənlikli bölgədən, dağlıq bölgədən və Negevdən adamlar gəlib Rəbbin məbədinə yandırma qurbanları, başqa qurbanlar, taxıl təqdimləri, kündür və şükür təqdimləri gətirəcək. 27 Əgər siz Şənbə günü yük daşıyıb Yerusəlim darvazalarından girərək Şənbə gününü təqdis etməməklə Mənim sözümə qulaq asmasanız, onda Mən şəhərin darvazalarına od vuracağam, alov Yerusəlimin saraylarını yandırıb-yaxacaq və heç vaxt sönməyəcək”».