57
Vəfasız xalq
«Saleh adam ölür və bunu vecinə alan yoxdur.
Mömin adamlar da köçüb gedir,
Amma heç kim anlamır ki,
Bəla gəlməmiş saleh adam canını qurtarır.
Saleh adam sülhə qovuşur,
Doğru yolla gedən son yatağında rahat yatır.
 
Amma siz, ey cadugər qadının övladları,
Fahişə və zinakarlar nəsli, bura, yaxın gəlin!
Siz kimi məsxərəyə qoyursunuz?
Kimə ağız əyirsiniz?
Kimə dil göstərirsiniz?
Məgər siz itaətsiz övladlar,
Yalançı nəsil deyilsiniz?
Palıd ağacları arasında,
Hər kölgəli ağacın altında
Şəhvətlə alışıb-yanan,
Vadilərdə, qaya oyuqlarında,
Övladlarınızı qurban gətirən
Siz deyilmisiniz?
Sizin payınız
Vadinin hamar daşlarından düzələn bütlərdir.
Onlardır, bəli, onlardır sizə nəsib olan.
Onların qarşısında içmə təqdimi tökdünüz,
Taxıl təqdimi gətirdiniz.
Bunlara görə Mən təsəlli taparammı?
 
Yatağınızı yüksək, uca dağda salmısınız,
Qurbanlarınızı kəsmək üçün də oraya çıxırsınız.
Qapılarınıza, qapıların yan taxtalarının arxasına
İyrənc işarələr düzmüsünüz.
Məni tərk edib yatağınızı geniş açdınız,
Orada uzandınız, oynaşlarınızla sövdələşdiniz,
Birlikdə yatmağa can atdınız,
Onların çılpaqlığına tamaşa etdiniz!
Ətirləri bol-bol vurandan sonra
Molek allahına sarı getdiniz.
Elçilərinizi uzaqlara göndərdiniz,
Özünüzü ölülər diyarına qədər endirdiniz.
10 Uzun yollar sizi taqətdən saldı.
Lakin siz “daha bəsdir” demədiniz.
Gücünüzü təzələyib qalxdınız,
Buna görə yorulmadınız.
 
11 Kim sizi qorxudub dəhşətə saldı ki,
Məni aldatdınız?
Məni yada salmadınız,
Ürəyinizdə Mənə yer vermədiniz?
Mən xeyli vaxt susduğuma görə,
Siz Məndən qorxmursunuz?
12 Mən sizin salehliyinizi,
Etdiyiniz əməlləri aşkara çıxaracağam,
Bunların sizə xeyri olmayacaq.
13 Siz fəryad edəndə
Bu yığdığınız bütlər
Görək sizi nə cür qurtaracaq!
Onların hamısını külək sovurub atacaq,
Bir nəfəs onları yerindən tərpədib aparacaq.
Lakin Mənə sığınan torpağı irs olaraq alacaq,
Müqəddəs dağımı mülk edəcək».
Rəbb xalqına şəfa verəcək
14 Rəbb deyir:
«Tikin, tikin, yol hazırlayın!
Xalqımın yolundakı əngəlləri götürün!»
15 Uca və əzəmətli,
Əbədi yaşayan, adı müqəddəs Olan
Belə deyir:
«Mən yüksək və müqəddəs yerdə yaşadığım halda
Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki,
Özünü aşağı tutanların ruhunu dirildim,
Əzilmişlərin ürəyini dirçəldim.
16 Həmişə çəkişib qəzəblənməyəcəyəm,
Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz.
17 Tamahkarlıq günahına görə
Qəzəblənib xalqı cəzalandırdım,
Hiddətlənib üzümü ondan döndərdim.
O da inad edib öz yolu ilə getdi.
18 Əməllərini gördüm,
Amma bu xalqa şəfa verəcəyəm.
Ona rəhbərlik edəcəyəm,
Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.
19  * Ef. 2:17 Ağızları ilə həmdlər söyləyəcəyəm.
Uzaqdakılara və yaxındakılara qoy sülh, sülh olsun».
Rəbb belə deyir: «Mən onlara şəfa verəcəyəm».
20 Pislər isə sanki dalğalanan dənizdir,
Bu dəniz sakit dura bilməz,
Onun suları palçıq və kir çıxarar.
21  * Yeş. 48:22 «Pislərə isə sülh yoxdur» deyir mənim Allahım.

*57:19 Ef. 2:17

*57:21 Yeş. 48:22