7
Ezranın Yerusəlimə gəlməsi
Bu işlərdən sonra Fars padşahı Artaxşastanın dövründə başçı kahin Harun oğlu Eleazar oğlu Pinxas oğlu Avişua oğlu Buqqi oğlu Uzzi oğlu Zerahya oğlu Merayot oğlu Azarya oğlu Amarya oğlu Axituv oğlu Sadoq oğlu Şallum oğlu Xilqiya oğlu Azarya oğlu Seraya oğlu Ezra Babildən çıxdı. Babildən gələn bu Ezra İsrailin Allahı Rəbbin Musaya verdiyi Qanunu yaxşı bilən ilahiyyatçı idi. Allahı Rəbbin əli onun üzərində olduğuna görə padşah Ezranın istədiyi hər bir şeyi vermişdi.
Padşah Artaxşastanın hakimiyyətinin yeddinci ilində İsrail övladlarından, kahinlərdən, Levililərdən, ilahiçilərdən, məbəddəki qapıçılardan və qulluqçulardan bəziləri Yerusəlimə qayıtdı. Ezra Yerusəlimə çatanda Artaxşastanın hökmdarlığının yeddinci ilinin beşinci ayı idi. O, birinci ayın birinci günündə Babildən yola düşüb beşinci ayın birində Yerusəlimə çatdı, çünki Allahın mərhəmətli əli onun üzərində idi. 10 Ezra özünü Rəbbin Qanununu tədqiq və tətbiq etməyə, İsraildə qayda-qanunları öyrətməyə həsr etmişdi.
Padşah Artaxşastanın Ezraya verdiyi məktub
11 Rəbbin əmrlərini və İsrailə buyurduğu qanunları öyrədən ilahiyyatçı, kahin Ezraya padşah Artaxşasta bu məzmunda məktub vermişdi:
12 «Padşahlar* 7:12-26-ya qədər mətn arami dilində yazılmışdır. padşahı Artaxşastadan göylərin Allahının qanunlarını öyrədən kahin Ezraya bildiriş:
13 İndi mən əmr edirəm ki, padşahlığımda olan İsrail xalqından, kahinlərdən, Levililərdən könüllü olaraq Yerusəlimə getmək istəyən hər kəs səninlə getsin. 14 İndi sən padşahla yeddi məsləhətçisi tərəfindən əlində olan Allahın Qanununa əsasən Yəhuda və Yerusəlimdəki vəziyyəti öyrənmək üçün göndərilirsən. 15 Yerusəlimi məskəni edən İsrailin Allahına padşah və məsləhətçilərinin könüllü təqdim etdikləri qızıl-gümüşü götür. 16 Xalqın və kahinlərin İsrailin Allahının Yerusəlimdəki məbədinə könüllü surətdə verdikləri hədiyyələrlə bərabər Babil vilayətinin hər tərəfindən yığacağın qızıl-gümüşün hamısını götür. 17 Sonra bu pulla tez buğalar, qoçlar, quzular, taxıl və şərab təqdimlərini alarsan. Onları Allahınızın Yerusəlimdəki məbədinin qurbangahında təqdim edərsiniz. 18 Sən və qardaşların qızıl-gümüşün qalan hissəsini Allahın iradəsinə uyğun, istədiyin kimi istifadə edə bilərsiniz. 19 Allahının məbədində ibadət zamanı işlətmək üçün sənə qaytarılan qabları isə Yerusəlim Allahının hüzurunda təhvil ver. 20 Allahın məbədinə başqa nə lazım olarsa, sən onu padşah xəzinəsindən ödə.
21 Mən padşah Artaxşasta Fərat çayının qərb torpaqlarının bütün xəzinədarlarına əmr edirəm ki, göylər Allahının Qanununun ilahiyyatçısı, kahin Ezranın hər istəyini diqqətlə yerinə yetirin. 22 Yüz talanta qədər gümüş, yüz kora qədər buğda, yüz bata qədər şərab, yüz bata qədər zeytun yağı və istədikləri qədər duz verin. 23 Göylərin Allahının məbədi üçün, bu Allah tərəfindən hər nə əmr olunarsa, yerli-yerində ona əməl edilsin. Niyə padşahın və övladlarının ölkəsi qəzəbə düçar olsun? 24 Sizə bildiririk ki, kahinlərdən, Levililərdən, ilahiçilərdən, bu Allah evinin qapıçılarından, qulluqçularından, digər xidmətçilərindən xərac, vergi və gömrük istəməyə izin yoxdur.
25 Sən Ezra Allahın sənə verdiyi müdrikliyə görə orada hakimlər və qazilər təyin et. Qoy onlar Fərat çayının qərbində olan bütün xalqa – sənin Allahının qanunlarını bilənlərin hamısına hökm etsinlər. Bilməyənləri də sən öyrətməlisən. 26 Sənin Allahının qanununa və padşahın qanununa əməl etməyən adam mütləq ölüm, sürgün, əmlak müsadirəsi yaxud həbs cəzaları ilə cəzalansın».
27 Atalarımızın Allahı Rəbbə alqış olsun ki, padşahın qəlbində Rəbbin Yerusəlimdə olan məbədinə belə hörmət göstərmək istəyini yaratdı. 28 Rəbb padşahın, onun məsləhətçilərinin və bütün güclü rəislərinin mənə yaxşı münasibətini yaratdı. Üzərimdə olan Allahım Rəbbin əlindən qüvvət alaraq mənimlə bərabər getmək üçün İsrailin başçılarından bəzilərini yanıma topladım.

*7:12 7:12-26-ya qədər mətn arami dilində yazılmışdır.