29
Misirin əleyhinə peyğəmbərlik
* Yeş. 19:1-25; Yer. 46:2-26 Sürgünlüyümüzün onuncu ilində, onuncu ayın on ikinci günü mənə Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, üzünü Misir padşahı olan firona tərəf çevir, onun və bütün Misirin əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir:
“Ey öz çayları içində yatan
Böyük əjdaha Misir padşahı firon,
Mən sənin əleyhinəyəm.
Sən deyirsən: ‹Nil çayı mənimdir,
Onu özüm üçün yaratdım›.
Sənin çənənə qarmaq keçirəcəyəm,
Çaylarındakı balıqları
Sənin pulcuqlarına yapışdıracağam.
Pulcuqlarına yapışmış balıqlarla birgə
Səni çaylarından çıxaracağam.
Səni də, çaylarındakı bütün balıqları da
Səhraya atacağam.
Çöllərə düşəcəksən,
Yığılıb basdırılmayacaqsan.
Səni yem kimi vəhşi heyvanlara,
Göydəki quşlara verəcəyəm.
* 2Pad. 18:21; Yeş. 36:6 Onda Misirdə yaşayan hər kəs
Biləcək ki, Rəbb Mənəm.
Çünki sən İsrail xalqı üçün
Qamışdan olan bir dəyənək oldun.
Səndən yapışdıqları zaman
Qırılıb onların çiyinlərini yardın,
Sənə söykəndikləri zaman
Qopub onların bellərini burxutdun”. * Burxutdun – qədim yunan və süryani tərcümələrində belədir, ibrani mətnində isə dikəltdin.
Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən sənin üstünə qılınc gətirəcəyəm, insanı da, heyvanı da üzərindən silib məhv edəcəyəm. Misir kimsəsiz qalacaq və xarabalığa çevriləcək. Onda biləcəklər ki, Rəbb Mənəm. Firon dedi: ‹Nil çayı mənimdir, onu mən yaratdım›. 10 Buna görə də Mən sənin və çaylarının əleyhinə olacağam. Misir torpağını Miqdoldan Asvana, Kuş sərhədinə qədər kimsəsiz qoyacağam və xarabalığa çevirəcəyəm. 11 İçindən insan ayağı da, heyvan ayağı da keçməyəcək, orada qırx il adam yaşamayacaq. 12 Misiri xaraba qalan ölkələr kimi xarabalığa çevirəcəyəm. Şəhərləri viran olmuş şəhərlər kimi qırx il kimsəsiz qalacaq. Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm”.
13 Xudavənd Rəbb belə deyir: “Qırx ildən sonra Misirliləri səpələndikləri xalqların arasından bir yerə yığacağam. 14 Sürgün olunan Misirliləri Patros torpağına – öz vətənlərinə geri qaytaracağam. Onlar orada zəif bir padşahlıq yaradacaq. 15 Padşahlıqların ən gücsüzü olacaqlar, bir daha millətlərin üzərində ağalıq etməyəcəklər. Daha millətlərə hökmran olmasınlar deyə onların sayını azaldacağam. 16 Misir bir daha İsrail xalqının güvəndiyi yer olmayacaq. Misirlilər onlara Misirə qayıtmaqla günah etdiklərini xatırladacaqlar. İsraillilər onda biləcəklər ki, Xudavənd Rəbb Mənəm”».
17 Sürgünlüyümüzün iyirmi yeddinci ilində, birinci ayın birinci günü mənə Rəbbin sözü nazil oldu: 18 «Ey bəşər oğlu, Babil padşahı Navuxodonosor Surla müharibədə öz ordusuna çox zəhmət verdi: əsgərlərin saçı töküldü, ağır yük daşımaqdan çiyinləri yağır oldu. Amma Surla müharibədə ordusuna zəhmət verməsinə baxmayaraq, bunun nə özünə, nə də ordusuna bir xeyri oldu. 19 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir ölkəsini Babil padşahı Navuxodonosora verəcəyəm. O, sərvətini aparıb ölkəni qarət və talan edəcək. Ordusunun xeyri bu olacaq. 20 Çəkdiyi zəhmətin əvəzində Misir ölkəsini ona verdim, çünki o da, ordusu da bu işi Mənim üçün etdi” Xudavənd Rəbb belə bəyan edir.
21 “O gün İsrail nəslinin gücünü özünə qaytaracağam. Onların arasında sənin dilini açacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».

*29:1 Yeş. 19:1-25; Yer. 46:2-26

*29:6 2Pad. 18:21; Yeş. 36:6

*29:7 Burxutdun – qədim yunan və süryani tərcümələrində belədir, ibrani mətnində isə dikəltdin.