2
İlyasın göyə aparılması
1 Rəbb İlyası qasırğa ilə göyə qaldırmazdan əvvəl İlyas və Elişa Qilqaldan getdilər. 2 Onda İlyas Elişaya dedi: «Burada qal, çünki Rəbb məni Bet-Elə göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Bet-Elə getdilər. 3 Bet-Eldə olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Rəbbin bu gün sənin ağanı başının üstündən götürəcəyini bilirsənmi?» O dedi: «Bəli, bilirəm, susun».
4 İlyas ona dedi: «Elişa, burada qal, çünki Rəbb məni Yerixoya göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Yerixoya gəldilər. 5 Yerixoda olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Bilirsənmi, Rəbb bu gün ağanı sənin başın üstündən götürəcək?» O dedi: «Bəli, bilirəm, susun!»
6 İlyas ona dedi: «Burada qal, çünki Rəbb məni İordan çayının yanına göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar getdilər. 7 Peyğəmbərlərdən əlli adam gedib uzaqda onların qarşısında dayandı. Onlar da İordan çayının yanında dayandılar. 8 İlyas cübbəsini götürdü və onu büküb suya vurdu. Su iki yerə ayrıldı və onlar quru yerin üstündən keçdilər. 9 * Qanun. 21:17 Onlar keçəndən sonra İlyas Elişaya dedi: «Mən sənin yanından götürülməzdən əvvəl məndən bir şey istə, sənin üçün nə edim?» Elişa dedi: «Qoy indi səndə olan ruh ikiqat artıq məndə olsun». 10 İlyas dedi: «Sən çətin bir şey istədin. Əgər sənin yanından götürüldüyümü görsən, səninlə belə olacaq, yoxsa bu olmayacaq». 11 Onlar danışa-danışa gedərkən qəflətən odlu bir araba və odlu atlar göründü, onları bir-birindən ayırdı və İlyas qasırğa ilə göyə qaldırıldı. 12 * 2Pad. 13:14 Elişa bunu görüb qışqırdı: «Atam, ey atam! İsrailin arabası və atlıları!» O, İlyası daha görməyəndə öz paltarını götürdü və onu cırıb iki yerə böldü.
13 Sonra İlyasın əynindən düşən cübbəni götürüb geri döndü və İordan çayının sahilində dayandı. 14 İlyasın əynindən düşən cübbəni götürüb suya vurdu və dedi: «İlyasın Allahı Rəbb haradadır?» O da cübbəni suya vuranda su iki yerə ayrıldı. Elişa oradan keçdi.
15 Yerixoda olan peyğəmbərlər onu uzaqdan görüb dedilər: «İlyasın ruhunun gücü Elişanın üstünə qondu». Onlar Elişanı qarşılamağa gələrək önündə yerə qədər təzim etdilər. 16 Ona dedilər: «Bu qullarının yanında əlli igid var, qoy gedib ağanı axtarsınlar. Bəlkə Rəbbin Ruhu onu qaldırıb dağların yaxud da dərələrin birinə atmışdır?» Elişa dedi: «Göndərməyin». 17 Amma onlar o qədər inad etdilər ki, Elişa utanıb dedi: «Göndərin». Əlli nəfər göndərdilər və onlar üç gün axtardılar, ancaq İlyası tapa bilmədilər. 18 Sonra Yerixoda qalan Elişanın yanına qayıtdılar. Elişa onlara dedi: «Mən sizə demədim ki, getməyin?»
Elişanın suyu pak etməsi
19 Şəhərin adamları Elişaya dedilər: «Ağamın gördüyü kimi bu şəhərin yeri yaxşıdır, ancaq suyu pisdir, torpağı bəhər vermir». 20 O dedi: «Mənə təzə bir qab gətirin və onun içinə duz qoyun». Bunu ona gətirdilər. 21 O, bulağa çıxdı, duzu oraya atıb dedi: «Rəbb belə deyir: “Bu suları pak edirəm, artıq onda ölüm və bəhərsizlik olmayacaq”». 22 Elişanın söylədiyi sözə görə bu su indiyə qədər də pak qalır.
Elişanı lağa qoyan oğlanlar
23 Elişa oradan Bet-Elə qalxdı. O, yola düşəndə kiçik oğlanlar şəhərdən çıxdılar və onu lağa qoyub dedilər: «Rədd ol, keçəl, rədd ol, keçəl!» 24 O arxaya dönüb oğlanları gördü və onları Rəbbin adı ilə lənətlədi. Meşədən iki dişi ayı çıxıb onlardan qırx iki nəfəri parçaladı. 25 Elişa oradan Karmel dağına getdi, oradan da Samariyaya qayıtdı.