12
Sisaqın Yəhudaya hücumu
(1Pad. 4:25-28)
1 Padşahlığı möhkəmlənib özü qüvvətləndikdə Rexavam, onunla bərabər bütün İsraillilər Rəbbin Qanunundan üz döndərdilər. 2 Padşah Rexavamın beşinci ilində Rəbbə qarşı vəfasızlıq etdiklərinə görə Misir padşahı Sisaq min iki yüz döyüş arabası və altmış min süvari ilə Yerusəlimə hücum etdi. 3 Onunla bərabər Misirdən gələn xalqın, Luvluların, Sukluların və Kuşluların sayı-hesabı bilinmirdi. 4 O, Yəhudanın qalalı şəhərlərini aldı və Yerusəlimə yaxınlaşdı.
5 Peyğəmbər Şemaya Rexavamın və Sisaqdan ötrü Yerusəlimə toplanan Yəhuda rəislərinin yanına gəlib onlara dedi: «Rəbb belə deyir: “Siz Məni tərk etdiniz, buna görə Mən də sizi Sisaqa təslim etdim”». 6 İsrail rəisləri ilə padşah özlərini aşağı tutdular və «Rəbb adildir» dedilər. 7 Rəbb onların özlərini aşağı tutduğunu görəndə Şemayaya Rəbbin bu sözü gəldi: «Özlərini aşağı tutduqları üçün onları məhv etməyəcəyəm, onlara bir az qurtuluş verəcəyəm, Sisaqın əli ilə qəzəbim Yerusəlimin üzərinə tökülməyəcək. 8 Amma Mənə qulluq etməklə dünya padşahlıqlarına qulluq etməyin fərqini başa düşsünlər deyə onun qulları olacaqlar».
9 * 1Pad. 10:16-17; 2Saln. 9:15-16 Misir padşahı Sisaq Yerusəlimə hücum etdi və Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi qızıl qalxanları da götürdü. 10 Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizə rəislərinin əlinə verdi. 11 Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər. 12 Özünü aşağı tutduqda onu büsbütün məhv etməmək üçün Rəbbin qəzəbi üzərindən döndü. Çünki Yəhudada yaxşı işlər də var idi.
Rexavamın padşahlığının sonu
13 Padşah Rexavam Yerusəlimdə özünü möhkəmləndirərək padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anasının adı Ammonlu Naama idi. 14 O, pis olan işlər etdi, çünki ürəyi Rəbbi axtarmaq istəmədi.
15 Rexavamın etdiyi işlər, ilk işlərindən son işlərinə qədər peyğəmbər Şemayanın və görücü İddonun tarix kitablarında nəsil şəcərəsinə görə yazılmışdır. Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi. 16 Rexavam ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. Yerinə oğlu Aviya padşah oldu.