6
Əhd sandığının Yerusəlimə gətirilməsi
(1Saln. 13:1-14; 15:25–16:6,43)
Davud İsraildə yenidən bütün seçmə adamları topladı. Onlar otuz min nəfər idi. * Çıx. 25:22 Davud durub yanındakı xalqla birgə Yəhudanın Baale şəhərinə getdi ki, keruvlar üstündə taxt quran Ordular Rəbbinə aid olan Allahın sandığını oradan çıxartsın. * 1Şam. 7:1-2 Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın təpədəki evindən çıxartdılar. Təzə arabanı Avinadavın oğulları Uzza və Axyo sürürdü. Onlar Allahın sandığını Avinadavın təpədəki evindən arabaya qoyub çıxartdılar. Axyo sandığın qabağında gedirdi. Davudla bütün İsrail nəsli Rəbbin hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, şaxşaxlarla və sinclərlə çalıb oynayırdılar.
Nakonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb Allahın sandığından tutdu. Uzzaya qarşı Rəbbin qəzəbi alovlandı və Allah onu hörmətsizlik etdiyinə görə oradaca vurdu. Uzza yerindəcə – Allahın sandığı yanında öldü. Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza* Peres-Uzza – ibrani dilində Uzzanın cəzası. deyilir. Həmin gün Davud Rəbdən qorxub dedi: «Rəbbin sandığı mənim yanımda necə qala bilər?» 10 Davud Rəbbin sandığını öz yanına – Davudun şəhərinə aparmaq istəmədi və sandığı yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu. 11  * 1Saln. 26:4-5 Rəbbin sandığı üç ay Qatlı Oved-Edomun evində qaldı. Rəbb Oved-Edoma və onun bütün külfətinə bərəkət verdi.
12 Padşah Davuda «Rəbb Oved-Edomun nəslinə və ona məxsus hər şeyə Allahın sandığına görə bərəkət verdi» deyə xəbər verildi. Davud gedib Oved-Edomun evindən Allahın sandığını sevinclə Davudun adı verilən şəhərə çıxardı. 13 Rəbbin sandığını daşıyanlar altı addım gedəndən sonra Davud bir öküzü və kökəldilmiş buğanı qurban kəsdi. 14 O, kətan efod geyib Rəbbin önündə var gücü ilə rəqs edirdi. 15 Davudla bütün İsrail nəsli Rəbbin sandığını hay-küylə, şeypur səsi ilə çıxartdılar.
16 Rəbbin sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxıb padşah Davudu Rəbbin önündə atılıb rəqs edərkən gördü və ürəyində ona kinayə etdi.
17 Rəbbin sandığını gətirib Davudun bu məqsədlə qurduğu çadırın içərisində onun üçün ayrılan yerə qoydular. Davud Rəbbin önündə yandırma və ünsiyyət qurbanları kəsdi. 18 Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Ordular Rəbbinin adı ilə xalqa xeyir-dua verdi. 19  * 1Saln. 16:43 İstər qadın, istərsə də kişi olsun, xalqın hamısına – İsrail camaatından hərəyə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı. Sonra xalqın hamısı öz evinə qayıtdı.
20 Davud öz külfətinə xeyir-dua vermək üçün qayıdanda Şaulun qızı Mikal Davudun qarşısına çıxıb belə dedi: «Gör bu gün İsrailin padşahı necə də şərəf qazanıb! Adi bir təlxək kimi utanmadan bu gün əyanlarının və qarabaşlarının qarşısında soyundu!» 21 Davud Mikala dedi: «Mən bunu atanın və onun bütün nəslinin yerinə məni seçib Öz xalqı İsraillilərə hökmdar qoyan Rəbbin qarşısında etmişəm. Bəli, Rəbbin hüzurunda şənlik edəcəyəm. 22 Bundan sonra bundan betər alçalıb öz mənliyimi heç edəcəyəm, yalnız sən dediyin qarabaşların qarşısında şərəflənəcəyəm». 23 Buna görə də Şaul qızı Mikalın ölənə qədər övladı olmadı.

*6:2 Çıx. 25:22

*6:3 1Şam. 7:1-2

*6:8 Peres-Uzza – ibrani dilində Uzzanın cəzası.

*6:11 1Saln. 26:4-5

*6:19 1Saln. 16:43